AQTA “Dönər market”də baş vermiş zəhərlənmənin səbəblərini açıqlayıb
30 Dekabr 2021 15:48
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2021-ci il 12 dekabr tarixində Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli, 104 ünvanında yerləşən, fiziki şəxs Allahverdiyev Davud Kərim oğluna məxsus “Dönər market” ictimai iaşə müəssisəsində baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı aparılan yoxlamanın nəticələrini açıqlayıb.
Bildirilir ki, baş vermiş hadisə ilə bağlı məlumat daxil olan kimi, dərhal Agentliyin mütəxəssisləri tərəfindən hadisənin başvermə səbəblərinin araşdırılması məqsədi ilə zərərçəkənlərdən və qeyd olunan ictimai iaşə müəssisəsindən zəruri məlumatlar toplanıb və nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə bağırsaq çöpləri, proteus və klostridilər aşkar edilib. Yəni, məhsullar emal prossesində ikincili çirklənməyə məruz qalıb. İşçi heyət tərəfindən gigiyenik norma və qaydalara, dezinfeksiya rejiminə, həmçinin şəxsi gigiyena qaydalarına əməl olunmaması nəticəsində həm qida məhsullarında, həm də avadanlıqlarda bağırsaq mənşəli mikroflora olan bağırsaq çöpləri və proteus ilə çirklənmə baş vermişdir. Bu fakt bir daha qida məhsullarının emalı zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmasının əhəmiyyətini göstərir. Qeyd olunan mikrofloranın qida məhsulları ilə orqanizmə daxil olması ürəkbulanma, qusma, epiqastral nahiyədə ağrı, halsızlıq, ishal və s. təzahürlərlə özünü göstərə bilər.
Həmçinin aparılan araşdırmalar zamanı “Dönər market” ictimai iaşə müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi aşkar olunub.
Yoxlama zamanı müəssisədə çalışan işçilərin dövri tibbi müayinədən keçmədən fəaliyyət göstərməsi, zərərvericilərə qarşı mübarizə tədbirlərinin (dezinfeksiya, dezinseksiya və deratizasiya) aparılmaması müəyyən edilmişdir.
Hadisəyə hüquqi qiymətin verilməsi üçün aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar hüquq-mühafizə orqanlarına təqdim olunub.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.