AQTA Hindistanın müvafiq qurumu ilə əməkdaşlığı genişləndirir
20 Fevral 2021 14:15


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Hindistan Respublikasının Balıqçılıq, Heyvandarlıq və Südçülük Nazirliyinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə Agentliyin sədr müavini Balarəhim Quliyev və Hindistan Respublikasının Balıqçılıq, Heyvandarlıq və Südçülük Nazirliyinin Beynəlxalq əməkdaşlıq və ticarət üzrə rəhbər müavini G. N. Singhın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.
Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi, Azərbaycanla Hindistan arasında ticarət, iqtisadi, elmi və texnoloji əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının Protokolunun müddəalarında nəzərdə tutulan heyvan xəstəliklərinə qarşı effektiv mübarizə təlimlərinin təşkili, xəstəliklərin yayılması zamanı meydana gələ biləcək risklərin elmi tədqiqatı sahəsində bilik mübadiləsi məsələləri müzakirə olunub. Eyni zamanda iki ölkə arasında heyvanların sağlamlığının qorunması sahəsində əməkdaşlıq barədə Sazişin hazırlanması ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, sözügedən Saziş layihəsi Agentlik tərəfindən hazırlanıb və Hindistan tərəfinə göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdim edilib.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
