AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir
28 Avqust 2021 14:43
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində 2021-ci il 27 avqust tarixində ölkə üzrə 400 ictimai iaşə obyektində 684 monitorinq keçirilib. Monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Xətai rayonu, Telnov 41 ünvanında yerləşən, hüquqi şəxs “Brilliance” MMC-yə məxsus restoran;
2. Bakı şəhəri, Yasamal rayonu, Rahim 4 ünvanında yerləşən, fiziki şəxs Məmmədov Ağaxan İxtiyar oğluna məxsus “Samovar” kafesi;
3. Bakı şəhəri, Nərimanov rayonu, Nemətulla 49 Q, m 59 ünvanında yerləşən, fiziki şəxs Kazımova Könül Əliağa qızına məxsus kafe;
4. Bakı şəhəri, Nərimanov rayonu, X.Xoyski 109 ünvanında yerləşən, fiziki şəxs Əkbərov Rəfail Əlisahib oğluna məxsus kafe;
5. Bakı şəhəri, Xətai rayonu, Əhmədli ştq, Hadi 1B ünvanında yerləşən, fiziki şəxs Abışov Rufan Qəzənfər oğluna məxsus kafe;
6. Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov 26 ünvanında yerləşən, fiziki şəxs Əliyev Eldəniz Mikail oğluna məxsus kafe;
7. Bakı şəhəri, Yasamal rayonu, Şəhriyar 30 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elçin Gündüz oğluna məxsus “Chado Tea Longe” kafe;
8. Ağdam rayonu, İmamqulubəyli kəndində yerləşən, fiziki şəxs İsmayılov Elşən Vaqif oğluna məxsus restoran;
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
Bazarda satışa çıxarılan dana əti basdırmasında at DNT-si aşkarlanıb
Ucuz kolbasa məhsullarının satışı ilə bağlı mediada yayılan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında fəaliyyət göstərən “Kəngərli” firmasına məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq keçirilib. Ət məhsullarından nümunələr götürülərək mikrobioloji göstəriciləri və tərkibindəki ətin mənşəyinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsində dana əti basdırması məhsulunda at DNT-si aşkarlanıb. Bununla əlaqədar, bazarda fəaliyyət göstərən fiziki şəxs Rzayev Azad Rza oğluna məxsus anbar və satış obyektində plandankənar yoxlama keçirilib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan kolbasa, dana əti basdırması, çaxır, konyak və pendirlərin satışa çıxarıldığı, “Nemiroff” əmtəə nişanlı araq, konyak və çaxır məhsullarının idxal sağlamlıq aktının olmadığı, həmçinin pendir və dana əti basdırması məhsullarının soyuducudan kənarda, temperatur rejimi gözlənilmədən saxlanıldığı, dondurucu və soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu müəyyən edilib. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, satışa çıxarılan ət məhsulu, alkoqollu içki və pendirlərdən nümunələr götürülərək müayinələrə cəlb edilib.
Bazarlarda soyuq sıxım yağ məhsullarının emalı və satışı ilə bağlı monitorinq keçirilib
Bazarlarda mənşəyi məlum olmayan müxtəlif növ yağların hazırlanması və satışının həyata keçirilməsi, o cümlədən məhsulların emalı və saxlanma şəraitinə əməl edilməməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən monitorinq aparılıb. Monitorinq zamanı iki bazarda qanunsuz olaraq yağların emalı və satışının həyata keçirildiyi müəyyən edilib. Bununla əlaqədar Bakı şəhərinin Nərimanov rayonu, Xətai prospekti 25 ünvanında fəaliyyət göstərən “Green Food Group” QSC-yə məxsus “Yaşıl” bazarda və Nizami rayonu, C.Naxçıvanski küçəsi, ev 49C ünvanında “Kəngərli” bazarında plandankənar yoxlama keçirilib. Baxış zamanı soyuq sıxım yağ məhsullarının emalı ilə məşğul olan subyektlərin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, məhsulların emalı üçün sanitar-gigiyenik və sanitar-texniki şəraitin təmin olunmadığı, yağların hazırlanmasında istifadə olunan toxum xammallarının saxlanma qaydalarına əməl edilmədiyi, emal və satış proseslərində işçilərin gigiyenik norma və qaydalara riayət etmədiyi, mənşəyi məlum olmayan xammallardan istifadə olunduğu və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək yağ emalı və satışı obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb, hazır məhsullar dövriyyədən çıxarılaraq satışı dayandırılıb, nöqsana yol verən şəxslər barəsində inzibati tənbehvermə haqqında qərar qəbul edilib. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. “Kəngərli” bazarında fəaliyyət göstərən fiziki şəxs Şahvələdov Şalbuz Vəzir oğlu tərəfindən emal olunan soyuq sıxım zeytun yağı nümunəsində olein, linol və begen turşusu üzrə uyğunsuzluq müəyyən edilib. Belə ki, zeytun yağı nümunəsinin yağ turşu spektri qarğıdalı yağının yağ turşu spektri ilə eynilik təşkil edib. İstehlakçının aldadılmasına yönəlmiş qanunsuz halla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Sabunçuda “Aqat” şadlıq evində istehlakçıların aldadıldığı müəyyən edilib
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, ev 18A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Axundov Ağəli Məhəmməd oğluna məxsus “Aqat” şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şadlıq sarayında qonaqların istehlakına dana əti adı ilə təqdim olunan ətin müvafiq baytarlıq sənədi ilə təmin edilən camış əti olduğu, menyuda bununla bağlı hər hansı bir məlumat verilmədiyi müəyyən edilib. Camış əti qida təhlükəsizliyi riski yaratmasa da, bu hal istehlakçıların aldadılaraq hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Həmçinin yoxlama zamanı şadlıq evində soyuq qəlyanaltıların hazırlanması sahəsində işçi masaların səthlərinin tamlığının pozulduğu, mətbəx sahəsində rəflərin korroziyaya uğradığı, eləcə də digər sanitar-texniki və sanitar-gigiyenik nöqsanlar aşkarlanıb. Faktla bağlı obyekt rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, müəssisədə hazırlanan yeməklərdən nümunələr götürülərək, laboratoriyaya təqdim edilib.
Giriş