AQTA - nın nümayəndə heyəti Ukraynada işgüzar səfərdədir
4 İyun 2021 11:47






Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müavini Rəşad Mafusovun rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskayanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəhbəri Vladislava Maqaletskaya bildirib ki, Ukrayna Azərbaycan ilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir. Onun sözlərinə görə, Azərbaycan ilə Ukrayna arasında illik idxal-ixrac əməliyyatlarının 120 milyon dollardan çoxu qida məhsullarının payına düşür.Həmçinin bu sahədə fəaliyyətin daha da genişləndirilməsinin mümkünlüyü diqqətə çatdırılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən AQTA - nın sədr müavini Rəşad Mafusov qeyd edib ki, Azərbaycan qida təhlükəsizliyi sahəsində Ukrayna ilə əməkdaşlığın genişdirilməsində və hər iki ölkənin təcrübəsinin qarşılıqlı tətbiqində maraqlıdır.
Səfər çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti, həmçinin Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə aid olan qurumlarının iş fəaliyyəti ilə tanış olub.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
