AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26 May 2023 09:59

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Agentliyə daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb. Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının 15-dən həyata keçirilən monitorinqlər çərçivəsində ticarət şəbəkələrindən, ümumilikdə 25 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub. 4-ü yerli, 21-i idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.
Agentlik bəyan edir ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır. Son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003-Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.