AQTA satışda olan düyülərlə bağlı aparılan monitorinqlərin nəticələrini açıqlayıb
26 May 2023 09:59
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması istiqamətində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Agentliyə daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb. Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının 15-dən həyata keçirilən monitorinqlər çərçivəsində ticarət şəbəkələrindən, ümumilikdə 25 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub. 4-ü yerli, 21-i idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.
Agentlik bəyan edir ki, sosial mediada satışda guya saxta (süni) düyülərin olması barədə yayılan iddialar əsassızdır. Son monitorinqlərin və aparılan laborator müayinələrin nəticəsi göstərir ki, dövriyyədə olan düyü məhsulları təbii mənşəlidir. Bununla belə, istehlakçılar qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri ilə bağlı şübhələri olarsa, bu barədə AQTA-nın “1003-Çağrı Mərkəzi”nə zəng edərək məlumat verə bilərlər.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş