AQTA saxta spirtli içkilərlə bağlı müraciət edib
31 Dekabr 2021 14:50
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) kustar üsullarla hazırlanmış saxta spirtli içkilərlə bağlı əhaliyə müraciət edib.
Müraciətdə bildirilir ki, bayram ərəfəsində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, dünyanın bir sıra ölkələrində, həmçinin ölkəmizdə qanunsuz yollarla gəlir əldə etməyə çalışan dələduzlar və cinayətkar ünsürlər tərəfindən spirtli içkilərin kustar üsullarla hazırlanmasına və satışına cəhd göstərilir. Təkcə qardaş ölkə Türkiyə Cümhuriyyətində yerli mətbuatın məlumatına görə, dekabr ayı ərzində saxta spirtli içkilər səbəbi ilə 83 nəfər dünyasını dəyişib. Rusiyada bu ilin oktyabr ayında saxta spirtli içki istehlakı nəticəsində Orenburq vilayətində 35 nəfər, Yekaterenburqda isə 18 nəfər dünyasını dəyişib. Ukraynada isə cari ilin ilk rübü ərzində 580 nəfərin saxta spirtli içkidən həyatını itirdiyi bildirilir.
Ölkəmizdə də bayram ərəfəsində kustar üsulla spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində Agentlik və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd faktlarla bağlı ən sərt tədbirlər görülür.
Qeyd edək ki, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında istifadə edilən və istehlakçıların zəhərlənməsinə səbəb olan metil (metanol) spirti texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Metanol qanunsuz olaraq aşağı keyfiyyətli və saxtalaşdırılma üsulu ilə alkoqollu içkilərin hazırlanmasında istifadə olunur. Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilər. Metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır. Metil spirtini rənginə, qoxusuna və ya dadına görə fərqləndirmək çox çətindir. Bu maddə və onun törəmələri qeyri-qida sənayesində, xüsusilə kimya, əczaçılıq, eləcə də boya və həlledicilərin istehsalında istifadə olunur. Bu kimi qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin qida məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir, həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən dələduzlar gizli və qapalı məkanlarda bu cür qanunsuz fəaliyyətlə məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla bağlı aidiyyəti dövlət orqanlarına məlumat vermələri xahiş olunur.
Bayram günlərində özlərinin və yaxınlarının həyatını təhlükəyə atmamaq, bu kimi xoşagəlməz hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran, saxta spirtli içkiləri istehlak etməməlidirlər.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.