AQTA sədri Bərdədə vətəndaşları qəbul edib
16 Mart 2023 15:09










Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər.
Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli martın 16-da Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının inzibati binasında Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Tərtər və Laçın rayonlarından olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.
Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhərin mərkəzində ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri əsasən regionda bitkiçilik, heyvandarlıq və qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyəti, o cümlədən ixrac olunan məhsullara sertifikatların verilməsi, məhsulların laborator müayinələrinin aparılması, heyvan kəsimi fəaliyyəti və bununla bağlı Agentlik tərəfindən həyata keçirilən baytarlıq nəzarəti və digər məsələlərlə bağlı olub. Qəbula gələn hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Vətəndaşların müraciətlərinin bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Qəbul zamanı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida sahəsində müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
