AQTA sədri ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı ilə məşğul olan sahibkarlarla görüşüb
8 Aprel 2023 12:15
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib.
Tədbir ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı sahəsindəki vəziyyəti bir daha nəzərdən keçirmək, bu sahədə fəaliyyət göstərən sahibkarlarla əməkdaşlığı daha da genişləndirmək, onları mövcud qanunvericilik və tələblər barədə məlumatlandırmaq, işlərinin beynəlxalq tələblərə uyğun təşkilinə kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə təşkil olunub.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli qida təhlükəsizliyi, o cümlədən ət və ət məhsullarının istehsalı, emalı, ixracı və idxalı sahəsində qarşıya qoyulan tələblər və həyata keçirilən tədbirlər, eləcə də ticarət şəbəkələrində qida təhlükəsizliyinə nəzarətin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verib. Bildirib ki, 2023-cü il yanvarın 1-dən qüvvəyə minən “Qida təhlükəsizliyi haqqında” Qanuna əsasən, qida məhsullarının ölkəyə idxalı ilə bağlı tələblərdə dəyişikliklər edilib. Qanun bir çox beynəlxalq qaydaların tətbiqi ilə yanaşı, qida məhsullarının izlənmə sisteminin tətbiqi, qida zəncirində fəaliyyət göstərən subyektlərin (obyektlərin) qeydiyyatı və təsdiqi prosesinə yeni baxış formalaşdırıb. Q.Təhməzli qanunun tələblərinin icrası ilə bağlı sahibkarlıq subyektləri tərəfindən lazımi tədbirlərin görülməsinin və onların işlərini müasir tələblərə və qaydalara uyğunlaşdırmasının zəruriliyini diqqətə çatdırıb. AQTA sədri eyni zamanda qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının ən müasir cihaz və avadanlıqlarla təchiz edildiyini vurğulayıb.
Tədbirdə ölkədə kolbasa və sosiska məhsulları üzrə, eləcə də respublika ərazisində quşların yetişdirilməsi və kəsimi sexlərində aparılan nəzarət tədbirləri barədə də məlumat verilib. Bildirilib ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək müayinə üçün AQTİ-nin müvafiq laboratoriyalarına təqdim olunub. Cari dövr ərzində 57-si kolbasa, 32-si sosiska olmaqla, ümumilikdə 89 adda məhsuldan nümunə götürülüb. Nümunələrin sınaq nəticəsinə əsasən, 80 məhsuldan götürülən nümunə normativ sənədlərin tələblərinə cavab verib. 6 istehsalçıya məxsus 9 məhsulda (6-sı kolbasa, 3-ü sosiska) uyğunsuzluqlar müəyyən edilib ki, bunlardan 4 məhsulda (3-ü kolbasa, 1-i sosiska) uyğunsuzluq təhlükəsizlik göstəriciləri, 5-də isə (3-ü kolbasa, 2-si sosiska) etiket məlumatları ilə bağlıdır.
Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.