AQTA şəkər tozu və qənd məhsullarına dair növbəti monitorinq keçirib
23 İyun 2022 11:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir.
Növbəti monitorinq çərçivəsində şəkər tozu və qənddə kükürd dioksid (SO2) miqdarının müəyyən edilməsi ilə bağlı Agentliyin regional bölmələri tərəfindən ticarət şəbəkələrindən 33 istehsalçıya məxsus ümumilikdə 67 nümunə götürülüb. Nəticələrə əsasən, nümunələrin 7-də kükürd dioksid aşkarlanmayıb, 36-da SO2-nin kütlə payı beynəlxalq təcrübədə müəyyən edilmiş normaya (15 mq/kq) uyğun olub, 24 nümunədə (12 istehsalçı üzrə) kükürd dioksidin kütlə payı normadan artıq olub.
Bununla əlaqədar sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 6 müəssisədə (“Bolluq” MMC, “Aysu Qida Sənaye LTD” MMC, “Əmin Qida Sənaye” MMC, “Şam Fi İnternational Trading Company” MMC, “Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Qəmbərov Rauf Rəfi oğlu) yoxlamalar keçirilib. Belə ki, Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Rauf Rəfi oğluna məxsus şəkər istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sahibkar tərəfindən verilən izahatda uyğunsuzluq aşkar edilmiş partiyanın kiçik miqdarda istehsal edildiyi və artıq satışda olmadığı bildirilib.
“Bolluq” MMC-də aparılan yoxlama zamanı məhsulun istehsalı prosesində pozuntular aşkar edildiyinə görə sahibkar barəsində inzibati tədbir görülüb. Monitorinq zamanı uyğunsuzluq aşkarlanmış məhsul partiyasının həmin şirkət tərəfindən istehsal edilməsinə dair təsdiqedici sənədlərə əsasən, sözügedən partiyaların ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.
“Aysu Qida Sənaye LTD” MMC-də sanitariya norma və qaydalarına, gigiyena normativlərinə tam əməl edilməməsi səbəbindən sahibkar barəsində inzibati tədbir görülüb. Uyğunsuzluq aşkarlanmış məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul olunub.
Sabirabad rayonunda fəaliyyət göstərən “Əmin Qida Sənaye” MMC-də aparılan yoxlama zamanı müəssisənin müxtəlif istehsalçı müəssisələrdən alınan qəndlərin qablaşdırılması ilə məşğul olduğu müəyyən olunub. Yoxlama çərçivəsində sözügedən partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda hazır məhsullardan təkrar nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib.
“Şüvəlan Şirniyyat” ASC-də aparılan yoxlama zamanı məhsulların etiket məlumatlarında uyğunsuzluq aşkar edilməsi ilə əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb. Hazır məhsuldan nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib. Bundan əlavə, monitorinq zamanı uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilib.
Bundan əlavə, tərkibində kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilmiş məhsullarla əlaqədar nümunələr götürülmüş 4 ticarət mağazasında − Şəmkir rayonunda fəaliyyət göstərən “El”, “Zirvə” və “Zümrüd” marketlərdə və Xaçmaz rayonunda fəaliyyət göstərən “Euro” marketdə yoxlamalar keçirilib. Yoxlama çərçivəsində sözügedən məhsul partiyalarının satışının qadağan edilməsi ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul olunub, eyni zamanda həmin məhsullardan götürülən təkrar nümunələr laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün AQTA tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Gəncə şəhəri, M.A.Abbaszadə küçəsi, ev 91 ünvanında fəaliyyət göstərən Abbaszadə Nəsimi Əlipolad oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirib. Yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. İstehsal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, emal prosesində istifadə olunan suyun, bütün alət və avadanlıqların təmiz olmadığı, işçilərin şəxsi gigiyena qaydalarına riayət etmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilərək, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
AQTA: İctimai iaşə və qida satışı müəssisələrində aşkar edilən nöqsanlar aradan qaldırılır
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Bakı şəhərinin Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilən yoxlamalar zamanı müəyyən edilən nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülən tədbirlər nəticəsində müəssisələrdə aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: • Fiziki şəxs Məmmədov Elvin Əli oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 40H ünvanında yerləşən “Təndirxana” ictimai iaşə müəssisəsi; • Fiziki şəxs Qafarov Əşrəf Nüslət oğluna məxsus Bakı şəhəri, Yasamal rayonu, Müzəffər Həsənov küçəsi, 49A ünvanında yerləşən “Minkənd” kafesi; • Fiziki şəxs Quliyev Cavanşir Tair oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Qulu Quliyev küçəsi, ev 114, 114 saylı məktəbin yaxınlığında fəaliyyət göstərən “Unlu qənnadı məmulatların emalı və satışı” mağazası.
Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb – VİDEO
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən Qaragözov Səxavət Sərdər oğluna məxsus çörək emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş