AQTA şəkər tozu və qənd məhsullarına dair növbəti monitorinq keçirib
23 İyun 2022 11:49
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması istiqamətində monitorinqlər davam etdirilir.
Növbəti monitorinq çərçivəsində şəkər tozu və qənddə kükürd dioksid (SO2) miqdarının müəyyən edilməsi ilə bağlı Agentliyin regional bölmələri tərəfindən ticarət şəbəkələrindən 33 istehsalçıya məxsus ümumilikdə 67 nümunə götürülüb. Nəticələrə əsasən, nümunələrin 7-də kükürd dioksid aşkarlanmayıb, 36-da SO2-nin kütlə payı beynəlxalq təcrübədə müəyyən edilmiş normaya (15 mq/kq) uyğun olub, 24 nümunədə (12 istehsalçı üzrə) kükürd dioksidin kütlə payı normadan artıq olub.
Bununla əlaqədar sınaq nəticəsində uyğunsuzluq aşkarlanmış 6 müəssisədə (“Bolluq” MMC, “Aysu Qida Sənaye LTD” MMC, “Əmin Qida Sənaye” MMC, “Şam Fi İnternational Trading Company” MMC, “Şüvəlan Şirniyyat” ASC və fiziki şəxs Qəmbərov Rauf Rəfi oğlu) yoxlamalar keçirilib. Belə ki, Samux rayonunda fəaliyyət göstərən fiziki şəxs Qəmbərov Rauf Rəfi oğluna məxsus şəkər istehsalı müəssisəsində aparılmış yoxlama zamanı sahibkar tərəfindən verilən izahatda uyğunsuzluq aşkar edilmiş partiyanın kiçik miqdarda istehsal edildiyi və artıq satışda olmadığı bildirilib.
“Bolluq” MMC-də aparılan yoxlama zamanı məhsulun istehsalı prosesində pozuntular aşkar edildiyinə görə sahibkar barəsində inzibati tədbir görülüb. Monitorinq zamanı uyğunsuzluq aşkarlanmış məhsul partiyasının həmin şirkət tərəfindən istehsal edilməsinə dair təsdiqedici sənədlərə əsasən, sözügedən partiyaların ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib.
“Aysu Qida Sənaye LTD” MMC-də sanitariya norma və qaydalarına, gigiyena normativlərinə tam əməl edilməməsi səbəbindən sahibkar barəsində inzibati tədbir görülüb. Uyğunsuzluq aşkarlanmış məhsul partiyasının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul olunub.
Sabirabad rayonunda fəaliyyət göstərən “Əmin Qida Sənaye” MMC-də aparılan yoxlama zamanı müəssisənin müxtəlif istehsalçı müəssisələrdən alınan qəndlərin qablaşdırılması ilə məşğul olduğu müəyyən olunub. Yoxlama çərçivəsində sözügedən partiyanın ticarət şəbəkəsindən geri çağırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda hazır məhsullardan təkrar nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib.
“Şüvəlan Şirniyyat” ASC-də aparılan yoxlama zamanı məhsulların etiket məlumatlarında uyğunsuzluq aşkar edilməsi ilə əlaqədar sahibkar barəsində inzibati tədbir görülüb. Hazır məhsuldan nümunələr götürülərək müayinə məqsədilə laboratoriyaya təqdim edilib. Bundan əlavə, monitorinq zamanı uyğunsuzluq aşkar edilmiş məhsul partiyalarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı qərar qəbul edilib.
Bundan əlavə, tərkibində kükürd dioksidin kütlə payı normadan artıq müəyyən edilmiş məhsullarla əlaqədar nümunələr götürülmüş 4 ticarət mağazasında − Şəmkir rayonunda fəaliyyət göstərən “El”, “Zirvə” və “Zümrüd” marketlərdə və Xaçmaz rayonunda fəaliyyət göstərən “Euro” marketdə yoxlamalar keçirilib. Yoxlama çərçivəsində sözügedən məhsul partiyalarının satışının qadağan edilməsi ilə bağlı “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar”lar qəbul olunub, eyni zamanda həmin məhsullardan götürülən təkrar nümunələr laboratoriyaya təqdim edilib.
Qeyd edək ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün AQTA tərəfindən bu istiqamətdə nəzarət tədbirləri davam etdirilir və bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.
Oxşar xəbərlər
Uşaq bağçasında nöqsanlar aşkarlanıb
Binəqədi rayonu, Müşfiqabad qəsəbəsi, Günəşli küçəsində yerləşən 329 nömrəli uşaq bağçasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Mətbəxdə istehlaka hazır qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə göndərilib.
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş