Bərdədə bazarda nöqsanlar aşkarlanıb
15 May 2025 10:31
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib.
Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər

“Bitki sağlamlığı haqqında” Qanun layihəsinin ictimai müzakirəsi davam edir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən yeni hazırlanan “Bitki sağlamlığı haqqında” Qanun layihəsinin bu sahədə elmi tədqiqatlar aparan alim və mütəxəssislərlə ictimai müzakirəsi təşkil edilib. Müzakirə zamanı AQTA rəsmisi Elxan Mikayılov yeni Qanun layihəsinin hazırlanmasında əsas məqsədin ölkədə bitki sağlamlığının təmin edilməsi, fitosanitar nəzarət və fitosanitar xidmətlərin hüquqi əsaslarının müəyyən edilməsi, bu sahədə fəaliyyət göstərən subyektlər arasında münasibətlərin tənzimlənməsi olduğunu bildirib. Qanun layihəsində yer alan elmi-tədqiqat institutları, təhsil müəssisələri, alimlər, tədqiqatçılar və məsləhətçilər tərəfindən elmi araşdırmalar zamanı aşkarlanan zərərli orqanizmin ərazidə mövcudluğuna dair məlumatın verilməsi qaydası, Azərbaycan Respublikasının ərazisində zərərli orqanizmlərin aşkarlanmasına dair mümkün mənbələrdən məlumatların çevik toplanması, dəqiqləşdirilməsi, zərərli orqanizmin identifikasiyası və mövcudluğunun təsdiqi qaydaları, ümumi monitorinqlə bağlı elmi-tədqiqat müəssisələrindən, universitetlərdən, ictimai təşkilatlardan, alimlərdən, tədqiqatçılardan, məsləhətçilərdən, elmi jurnallardan məlumatların toplanması və təhlili ilə bağlı müddəalar ətraflı müzakirə edilib. Görüşdə Qanun layihəsində yer alan anlayışlar, yeni terminlər, laboratoriyalarda zərərli orqanizmin identifikasiyasının həyata keçirilməsi, mövcudluğunun və yayılma vəziyyətinin rəsmi təsdiqi qaydası, risk qiymətləndirmələrinin aparılmasında alim və mütəxəssislərin yaxından iştirakının məqsədəuyğunluğu, o cümlədən inteqrir mübarizə ilə bağlı alimlərin rəy və təklifləri dinlənilib. Qanun layihəsinin hazırlanmasının ölkədə bitki sağlamlığı sahəsində mövcud olan problemlərin həllində mühüm addım olması alim və mütəxəsislər tərəfindən xüsusi vurğulanıb. Görüşdə digər maraq doğuran suallar cavablandırılıb.

Qoşqar Təhməzli qida sahəsində fəaliyyət göstərən sahibkarları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin növbəti vətəndaş qəbulu Agentliyin inzibati binasında mayın 22-si saat 14:00-da keçiriləcək. Qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlar, o cümlədən qida məhsullarının istehsalı, emalı, idxal-ixracı, daşınması, satışı və sair sahələrdə çalışan şəxslər onları narahat edən məsələlərlə bağlı Agentlik sədri ilə görüşə bilərlər. Görüşdə iştirak etmək istəyən şəxslər ad, soyad, fəaliyyət sahəsi, müraciətin məzmunu və telefon nömrələrini göstərərək info@afsa.gov.az elektron poçtu vasitəsilə müraciət etməklə və ya (+994 50) 515 51 87 nömrəsinə zəng etməklə, həmçinin vatsap üzərindən əlaqə saxlamaqla qəbula yazıla bilərlər.

Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib. Görüşdə gələcək əməkdaşlıq imkanlarına, o cümlədən birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə bitki və heyvan sağlamlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görülür. Bu çərçivədə Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq olunan xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən, eyni zamanda yüksək patogenli quş qripi xəstəliyindən azad olma statusu əldə edib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi ölkəmizdə bitki sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində atılan mühüm addımlardan biridir. Q.Təhməzli eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, son illərdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması birgə əməkdaşlıq imkanlarını daha da genişləndirib. Latviyanın yüksək riskli məhsul ixrac edən 2 qida obyekti AQTA tərəfindən təsdiq olunub. Agentliyin Kollegiyasının qərarı ilə Latviyanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyi tanınıb. Ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracı genişləndirilib, bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq imkanları daha da artıb. Eyni zamanda Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsində Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi barədə razılıq əldə edilib. Təcrübə mübadiləsi nəticəsində məntəqədə idxal və ixrac əməliyyatları zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı tədbirlər, prosedurlar və qərar qəbuletmə mexanizmləri daha da optimallaşdırılacaq. Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu (BİOR) ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları ilə yaxından tanış olub. Qonaqlara laboratoriyalarda aparılan müayinələr, səriştəlilik sınaqları və digər elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verilib.