Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib
4 İyun 2025 15:00
7 İyun - Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə əlaqədar "Elm fəaliyyətdədir" şüarı altında beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Nümayəndəliyi və ADA Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Konfransda dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlarla yanaşı, elm və təhsil ocaqlarının rəsmi şəxsləri, mütəxəssislər, ekspertlər təmsil olunublar.
Konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib: “Bu səylərdə sahib olduğumuz ən güclü alətlərdən biri, FAO və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. Azərbaycanla əməkdaşlığımız bizi qürurlandırır. Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və ADA Universiteti müasir, riskləri nəzərə alan və beynəlxalq inteqrasiya olunmuş bir qida təhlükəsizliyi sisteminin qurulmasında əsl liderlik nümayiş etdiriblər” – sitatın sonu.
ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd Təsərrüfatı və Qida Elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. O, bu proqramların Bolonya Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlandığını və tezliklə Heyvan Elmləri üzrə bakalavr proqramının təqdim olunacağını qeyd edib. Elkin Nurməmmədov ADA Universitetinin kənd təsərrüfatı və qida sektorlarında innovasiyanı, tətbiqi təhsili və praktiki əməkdaşlığı təşviq etmək məqsədilə universitet–sənaye tərəfdaşlıqlarının gücləndirilməsinə sadiqliyini vurğulayıb.
Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində artan rolunu yüksək qiymətləndirib. Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub.
Qeyd edək ki, konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.
Oxşar xəbərlər
AQTA-da tələbələr istehsalat təcrübəsi keçib
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində istehsalat təcrübəsi keçiblər. Təcrübə proqramı çərçivəsində tələbələr ilkin istehsal müəssisələrində, o cümlədən istixanalarda aparılan monitorinqlərdə iştirak ediblər. Monitorinqlər zamanı onlar bitkiçilik məhsullarının ilkin istehsalı prosesi, istehsal sahələrində sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi və qida təhlükəsizliyi tələblərinə əməl olunması istiqamətində həyata keçirilən tədbirlərlə yerində tanış olublar. Tələbələr ilkin istehsal mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də mümkün risklərin müəyyənləşdirilməsi və qarşısının alınması istiqamətində praktiki biliklər əldə ediblər. Eyni zamanda, nəzəri biliklərinin praktikada tətbiqi, monitorinq prosesinin təşkili və müvafiq tələblərin icrası ilə bağlı təcrübə əldə ediblər. Bu cür təcrübə proqramları gələcək aqrar sahədə mütəxəssislərin peşə hazırlığının gücləndirilməsi, praktiki bilik və bacarıqlarının inkişaf etdirilməsi, həmçinin qida təhlükəsizliyi ilə bağlı ixtisaslı kadr potensialının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Qida mifləri: Evdə hazırlanan konserv daha təhlükəsizdirmi? - Video
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) “Qida mifləri” rubrikasının budəfəki buraxılışında evdə hazırlanan konservlərin mağazadan alınan konservlərdən daha təhlükəsiz olması ilə bağlı mövcud fikirlərə aydınlıq gətirilib. Bildirilib ki, konservin təhlükəsizliyi onun harada hazırlanmasından deyil, düzgün emal edilməsindən, qablaşdırılmasından və müvafiq şəraitdə saxlanmasından asılıdır. Evdə hazırlanan konservin tərkibini bilmək onun təhlükəsizliyinə zəmanət vermir. Düzgün emal edilməyən məhsullarda Clostridium botulinum bakteriyasının toksini əmələ gələ bilər. Bu toksinin səbəb olduğu botulizm nadir, lakin həyati təhlükəli xəstəlikdir. Xüsusilə ət, balıq, quş əti və zəif turşulu tərəvəzlərdən hazırlanan konservlərdə təhlükəsizlik qaydalarına əməl olunması vacibdir. Belə məhsulların otaq temperaturunda təhlükəsiz saxlanması üçün yalnız bankaların qaynadılması və ya qapağın kip bağlanması kifayət etmir. Məhsula uyğun, elmi cəhətdən sınaqdan keçirilmiş reseptə və düzgün istilik emalı qaydalarına əməl olunmalıdır. Konserv seçərkən etiketdəki məlumatlara, yararlılıq müddətinə, qablaşdırmanın bütövlüyünə və saxlanma göstərişlərinə diqqət yetirmək tövsiyə olunur. Qapağı şişmiş, sızan və ya ciddi zədələnmiş qabların içindəkini istehlak etmək olmaz. Şübhəli məhsulun dadına baxmaq da təhlükəlidir, çünki botulinum toksini məhsulun görünüşünü, qoxusunu və dadını dəyişmədən mövcud ola bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş