AQTA: Şənlik mərasimlərinin keçirildiyi bir sıra məkanlarda pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb
12 İyul 2021 18:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
10 - 11 iyul 2021-ci il tarixində Quba rayonu, Vaqif küçəsi 151 ünvanında fəaliyyət göstərən “Qızıl Tac” şadlıq sarayında, Gəncə şəhəri, Vəli Xuluflu 131 ünvanında fəaliyyət göstərən “Şah Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu faktları aşkar olunub. Belə ki, həmin şadlıq saraylarında 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunmuş və keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub. Bundan əlavə, nəzarət tədbirləri çərçivəsində 11 şadlıq sarayında şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Pozuntular aşkar edilmiş şadlıq sarayları aşağıdakılardır:
1. Bakı şəhəri, Nizami rayonu, T.Abbasov 20 ünvanında fəaliyyət göstərən “Sevinc” şadlıq sarayı;
2. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Ağ Çiçəyim” şadlıq sarayı;
3. Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç., məhəllə 2347 ünvanında fəaliyyət göstərən “İmperator” şadlıq sarayı;
4. Sumqayıt şəhəri, 9-cu mkr, Ü.Hacibəyov küçəsində fəaliyyət göstərən "Səma" şadlıq sarayı;
5. Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fəaliyyət göstərən "Briliant" şadlıq evi;
6. Qəbələ rayonu, Həmzəli kəndində fəaliyyət göstərən “Qəbələ Palace” şadlıq sarayı;
7. Quba rayonu, Əzizbəyov küçəsində fəaliyyət göstərən “Quba" şadlıq evi;
8. Göyçay rayonu, Qarabaqqal kəndində fəaliyyət göstərən "Kənan" şadlıq sarayı;
9. Kürdəmir rayonu, Karrar qəsəbəsində fəaliyyət göstərən "Miraj Palace" şadlıq sarayı;
10. Şəmkir rayonu, Bakı-Qazax yolunun 391 km-liyində fəaliyyət göstərən “Ceyhun” şadlıq sarayı;
11. Tovuz rayonu, Abulbəyli kəndi, “Uğurlu” şadlıq sarayı.
Aşkar olunmuş qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər

"Şüa" restoranında nöqsanlar aşkarlandı
Fiziki şəxs Mikayılov Elvin Vaqif oğluna məxsus Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 19 ünvanında fəaliyyət göstərən "Şüa" ictimai iaşə müəssisəsində AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, sanitar-gigiyenik qaydaların gözlənilmədiyi müəssisədə qida məhsullarının saxlanması rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı, emal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, mal qonşuluğu prinsipi pozulmaqla saxlanılan və baytarlıq sənədləri olmayan balıq, toyuq, hindquşu məhsulları müəyyən olunub. Həmçinin soyuq qəlyanaltılar və isti yeməklərin hazırlanmasının eyni sahədə həyata keçirildiyi, çalışan işçilərin soyunub geyinməsi üç sahənin ayrılmadığı, qida məhsullarının saxlandığı rəflərin korroziyaya uğradığı aşkar olunub. Müəssisədə çalışan işçilərin tibbi müayinədən keçmədən və gigiyenik təlimlərə cəlb edilmədən fəaliyyət göstərməsi kimi bir sıra nöqsanlar qeydə alınıb. Aşkar olunan faktla bağlı inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib.

Kərə yağı adı ilə satılan daha bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlandı
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

“Alatava” restoranında ciddi nöqsanlar aşkarlandı
Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev 1054 ünvanında yerləşən, fiziki şəxs Əbiyev Roman Səfər oğluna məxsus “Alatava” restoranında AQTA əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Baxış zamanı obyektdə yararlılıq müddəti bitmiş “Bekon” əmtəə nişanlı ət məhsullarının istehlaka təqdim olunduğu, həmçinin istehlaka yararsız çörək, müvafiq müşayiətedici sənədləri olmayan süd məhsulları və bildirçin ətləri aşkar edilib. Yoxlama aparılarkən restoranda qida məhsullarının saxlanılması zamanı temperatur rejiminə əməl olunmadığı, temperaturun monitorinqinin aparılmadığı müəyyən olunub. Eyni zamanda müəssisədə mal qonşuluğu prinsipinin pozulduğu, işçi heyətin tibbi müayinədən keçmədiyi və gigiyenik təlimə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsulların dövriyyədən çıxarılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib və nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.