AQTA tibb müəssisələrində yoxlamaları davam etdirir
7 İyun 2021 18:19
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində yoxlamalar davam etdirilir. Yoxlamalar zamanı Saatlı Rayon Mərkəzi Xəstəxanası, Hacıqabul Rayon Mərkəzi Xəstəxanası, Göygöl Rayon Xəstəxanası, Samux Rayon Xəstəxanası, Biləsuvar Rayon Xəstəxanası və Lənkəran Rayon Xəstəxanasında qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların və xəstələrin qidalanmasının təşkili sahəsində tələblərin kobud şəkildə pozulması faktları aşkar olunub. Bu faktlara hüquqi qiymət verilməsi üçün sənədlər toplanaraq Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim olunub.
Qeyd edək ki, tibb müəssisələrində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində xəstələrin qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti və qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılır.
Yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.
Oxşar xəbərlər
AQTA: Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir − VİDEO
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən 79 ərzaq bazarından 13-də sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş, 42-də qeyri-qənaətbəxş, 24-də isə qismən qənaətbəxş olduğu müəyyən edilib. Aşkar edilən nöqsanlar əsasən müxtəlif məhsul növlərinin satışı üçün müvafiq şəraitin yaradılmaması və bazarlarda kifayət sayda piştaxta, rəf və digər zəruri avadanlıqlarla təchiz olunan zonaların ayrılmaması ilə bağlıdır. Eyni zamanda, süd və süd məhsulları, ət və ət məhsulları, habelə digər tez xarab olan riskli məhsulların saxlanılması üçün lazımi sayda soyuducu və dondurucu avadanlıqların mövcud olmaması, qida ilə təmasda olan səthlərin, xüsusilə piştaxtaların asan təmizlənən və korroziyaya davamlı materialdan hazırlanmaması kimi nöqsanlar müəyyən edilib. Nəzarət tədbirləri zamanı həmçinin qida məhsullarının satışı ilə məşğul olan şəxslərin ilkin və dövri tibbi müayinələrdən keçmədiyi, şəxsi gigiyena qaydalarına riayət etmədiyi və sanitar geyimlə təmin olunmadığı, habelə heyvan mənşəli məhsulların müvafiq müşayiətedici sənədlərinin və məhsulların izlənilməsini təmin edən etiket məlumatlarının olmadığı aşkarlanıb. Nöqsanların aradan qaldırılması və qida təhlükəsizliyi tələblərinə uyğunluğun təmin edilməsi məqsədilə bazar rəhbərlərinə müvafiq göstərişlər verilib. Qeyd edək ki, nöqsanlar mövcud olan ərzaq bazarlarının fəaliyyətinin qida təhlükəsizliyi tələblərinə uyğunlaşdırılması, mövcud uyğunsuzluqların aradan qaldırılması və potensial risklərin qarşısının alınması məqsədilə zəruri sağlamlaşdırma və təkmilləşdirmə tədbirlərinin görülməsi vacibdir. Agentlik tərəfindən bu istiqamətdə bazar subyektlərinə müvafiq metodiki dəstəyin göstərilməsi davam etdiriləcək. Növbəti mərhələdə həyata keçiriləcək nəzarət tədbirləri zamanı qida təhlükəsizliyi tələblərinə cavab verməyən, insan həyatı və sağlamlığı üçün təhlükə yaradan, habelə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görməyən bazar subyektləri barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq, sərt tədbirlər görüləcəkdir. Daha ətraflı:
Antisanitar vəziyyətdə fəaliyyət göstərən pendir istehsalçısı ilə bağlı tədbir görülüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Əhməd Kərəm oğluna məxsus pendir istehsalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı istehsal müəssisəsinin icazəsi olmadan qanunsuz fəaliyyət göstərdiyi, etiketləmə, sanitar-gigiyenik tələblər və təmizliklə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, sahikara icrası məcburi göstərişlər verilib.
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən arıçılıq təsərrüfatlarında bioloji təhlükəsizliyin təmin edilməsi, arılar arasında xüsusi təhlükəli, ekzotik, infeksion və invazion xəstəliklərin erkən aşkarlanması məqsədilə epizootoloji monitorinqlər keçiriləcək.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş