AQTA və Belarus nümayəndə heyətləri arasında görüş keçirilib
18 May 2022 11:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyinin nümayəndə heyətləri arasında görüş keçirilib.
Belaruslu həmkarlarla mövcud dostluq və işgüzar münasibətləri yüksək qiymətləndirən AQTA sədrinin müavini Rəşad Mafusov qida təhlükəsizliyi sahəsində səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinin əhəmiyyətini vurğulayıb. Görüşdə qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində birgə həyata keçirilən tədbir və layihələrin icra vəziyyəti müzakirə olunub, yeni əməkdaşlıq imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. Bildirib ki, heyvanların identifikasiyası sisteminin qurulması, heyvan və bitki sağlamlığının təmin olunması sahəsində işin daha səmərəli təşkili, qida təhlükəsizliyi sahəsində informasiya sisteminin inteqrasiyası iki ölkə arasında idxal-ixrac əməliyyatlarının daha da genişlənməsinə təkan verəcəkdir.
Qonaqlara qida təhlükəsizliyinin təmin olunmasında xüsusi əhəmiyyətə malik olan laboratoriya sisteminin inkişafı, yaradılmış infrastruktur haqqında geniş məlumat verilib. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) fəaliyyət istiqaməti və nəzdindəki laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında danışılıb. Beynəlxalq səriştəlilik sınaqlarında əldə edilmiş nailiyyətlər nümayəndə heyətinin diqqətinə çatdırılıb. Görüş çərçivəsində qonaqlar iş prinsipini öyrənmək məqsədilə AQTİ laboratoriyalarına baxış keçiriblər.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq nazirinin müavini İvan Smilqin qida təhlükəsizliyinin inkişafı istiqamətində ölkəmizdə aparılan islahatları dəstəklədiyini vurğulayıb. AQTA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini, qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahəsində ölkəsinin təcrübəsinin paylaşılmasında maraqlı olduqlarını qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib. AQTA ilə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.