AQTİ mütəxəssisləri tərəfindən Zümrüdü göyrüş qızılböcəyinin risk təhlili həyata keçirilib
10 Sentyabr 2021 16:30
Zümrüdü göyrüş qızılböcəyinin (Agrilus planipennis (Fairmaire, 1888)) yayılmasına nəzarət və ona qarşı effektiv mübarizə tədbirləri aparmaq məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən risk təhlili həyata keçirilib. Risk təhlilində ölkədaxili və beynəlxalq ticarətin karantin qaydalarına uyğun olaraq, göyrüş ağaclarının, onların budaqlarının və oduncağının sirayətlənmiş ərazilərdən digər ərazilərə daşınmasını məhdudlaşdırmaq, ağacın ölçüsündən və əvvəlki zədələnmə dərəcəsindən asılı olaraq sirayətlənmiş və kəsilmiş budaqlara uyğun insektisidlər vurularaq zərərvericinin məhv edilməsi kimi fitosanitar tədbirlərin və onların kəsilmiş ağaclarda sağ qalma ehtimalının qiymətləndirilməsi istiqamətində nəticələr təhlil edilib.
Zümrüdü göyrüş qızılböcəyi 2002-ci ildə Miçiqanın cənub-şərqində aşkar edilib. Daha sonra A. planipennis Asiya ölkələrindən Şimal-Şərqi Çin, Yaponiya, Koreya Respublikası, Monqolustan, Rusiya (2003), Tayvanda, Şimali Amerika ölkələrindən Kanada, ABŞ-da (Miçiqan: Livinqstan, Makomb, Oklend, Monro, Vaştenou və Ueyn əyalətləri; Merilend: Prins Corc əyaləti; Ohayo: Lukas əyaləti; Virciniya: Feyrfeks əyaləti), Avropa ölkələrindən Belarusiya, Estoniya, Belçika, Litva, Niderland, Sloveniya, İsveç, Ukraynada aşkarlanıb.
Agrilus planipennis zərərvericisinin Azərbaycanda aşkarlanması ilə bağlı heç bir məlumat qeydə alınmayıb. Bu zərərverici əsasən Amerika göyrüşü, Çin göyrüşü, Yapon göyrüşü, Enliyarpaq göyrüş, Qara göyrüş, Məxməri göyrüş və sair bitkilərə zərər vurur. Bu zərərverinin sürfələri təxminən bir həftə ərzində yumurtadan çıxırlar. Sürfələr birinci inkişaf mərhələsində ağacın qabığından keçərək kambi qatına yol açır və iyunun ortalarından oktyabrın ortalarına kimi həmin qatla qidalanırlar. Bu zaman sürfələr oduncağın üst qatında xəritəşəkilli lağım atırlar (26-32 mm). Bu lağımlar sürfələr inkişaf etdikcə genişlənir və açıq qəhvəyi taxta kəpəyi və ifrazatla dolur. Yetkin sürfələr pup kameralarında qışlayır. Beləliklə, puplar aprel-may aylarında lağımın səthə yaxın olan sonluğunda formalaşırlar. Avqust ayına kimi tam inkişaf etməyən sürfələr isə bitkilərin kambi qatında qışlayır, aprel ayında yenidən qidalanmağa başlayır və yay fəslinin sonunda tam formalaşırlar. Yetkin fərdlər 1-2 həftə ərzində ağac qabığının altında qaldıqdan sonra eni təxminən 3-4 mm olan D şəkilli dəliklərdən bayıra çıxırlar.
Agrilus planipennis zərərvericisi Şimali Amerikada və Çin Xalq Respublikasında il ərzində 1 nəsil verir, lakin bəzi fərdlər iki il ərzində 1 nəsil verir. Bu zərərvercinin zədələdiyi ağac quruyaraq məhv olur. Zərərverici Çinin açıq ərazilərində və ya meşələrinin kənarlarında yetişən göyrüş ağaclarına ciddi zərər vurur. Geniş yayıldığı təqdirdə bütün bitki örtüyü də məhv ola bilər. Ümumiyyətlə, bu zərərverici daşıyıcı bitkinin gövdəsinin aşağı hissəsini daha çox sirayətləndirir. Digər tərəfdən, Agrilus planipennis zərərvericisi Şimali Amerikada həm açıq sahələrə, həm də qapalı meşə örtüyünə yayılaraq ağacları məhv edib. Bu günə qədər Agrilus planipennisin Şimali Amerikada son bir neçə ildə 30 milyondan çox ağacı, xüsusən Pensilvaniya göyrüşü (Fraxinus pennsylvanica), Amerika göyrüşü (Fraxinus americana) və Qara göyrüş (Fraxinus nigrayı) və bəzi göyrüş növlərini məhv etdiyi təxmin edilir. Təsirə məruz qalmış ağac adətən zərərvericinin ilkin sirayətlənməsindən sonra 3 il ərzində, lakin sirayətlənmənin daha güclü olduğu təqdirdə 1-2 ildən sonra quruyur.
Türkiyə, Rusiya, Gürcüstan kimi qonşu ölkələrlə beynəlxalq ticarət zamanı daşınan bitkilərlə, ağacdan hazırlanmış və ya ağac qabığı ilə örtülmüş məhsullarla (o cümlədən taxta-şalban, taxta qablaşdırma materialları, odun, taxta qırıntıları və s.) daxil ola bilirlər.
Fraxinus növündən hazırlanmış əmtəələr üçün təklif olunmuş fitosanitar tədbirlərə məhsulun zərərvericinin mövcud olmadığı ərazilərdən gətirilməsi, ağac və ağac qabığının termiki emal edilməsi daxildir. Sürfə və pupa aşkarlanmış ağacları kəsmək və doğramaq olar. Sirayətlənmiş və kəsilmiş budaqlara uyğun insektisidlər vurularaq zərərvericini məhv etmək olar. Effektivlik insektisid məhsullarından, ineksiya üsullarından, ağacın ölçüsündən və əvvəlki zədələnmənin dərəcəsindən asılıdır. Qeyd edək ki, heç bir insektisid 100% təsirli olmur, lakin sirayətlənmənin az olduğu hallarda insektisid müsbət təsir edir.
Agrilus planipennis növü ABŞ-da və Kanadada karantin əhəmiyyətli zərərverici kimi təsnif olunub və NAPPO-nun xəbərdarlıq siyahısına daxil edilib. Bu zərərverici 2002-ci ildə EPPO təşkilatının A2 tədbirlər siyahısına da daxil edilib. Beləliklə, EPPO təşkilatına üzv olan ölkələrə bu zərərvericinin karantin əhəmiyyətli zərərli orqanizm kimi tənzimlənməsi tövsiyə olunub.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.