AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası 70-dən artıq xarici laboratoriyanın qatıldığı səriştəlilik sınağında uğurlu nəticə əldə edib
30 Noyabr 2022 11:48




Qida təhlükəsizliyi sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların maddi-texniki bazasının gücləndirilməsi, eləcə də modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmçinin laboratoriyalarda qabaqcıl texnologiyaların tətbiqi, səriştəliliyin artırılması üçün kadrların təlimlərdə və beynəlxalq laboratoriyalararası səriştəlilik sınaqlarında iştirakı təmin edilir.
Həyata keçirilən tədbirlər çərçivəsində AQTİ-nin Abşeron Regional Sınaq Laboratoriyası İngiltərənin “FAPAS” şirkəti tərəfindən təşkil olunan səriştəlilik sınağında iştirak edib. Laboratoriya 70-dən artıq xarici laboratoriyanın da qatıldığı səriştəlilik sınağında enerji içkisində kofeinin təyini parametri üzrə uğurlu nəticə əldə edib.
Qeyd edək ki, Abşeron Regional Sınaq Laboratoriyası bundan əvvəl də İngiltərənin “FAPAS”, “LGC standard” və Fransanın “Bipea” təşkilatları tərəfindən təşkil olunan beynəlxalq laboratoriyalararası sınaqlarda yüksək nəticələr əldə edib. Həmçinin 2021-ci ildə Latviya Milli Akkreditasiya bürosu tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər” standartına uyğun beynəlxalq akkreditasiyadan keçirilib.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.
