AQTİ qida məhsullarının çatdırılması xidməti ilə məşğul olan şirkətlərin əməkdaşlarını maarifləndirir
17 İyul 2024 17:10
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir.
Növbəti nəzəri-praktiki təlim İnstitutun mütəxəssisləri tərəfindən qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan və qida təhlükəsizliyi qeydiyyatından keçmiş şirkətlərin əməkdaşları üçün təşkil edilib. Ödənişsiz keçirilən təlimdə iştirakçılara qida məhsullarının daşınması və çatdırılması qaydaları, eləcə də daşınma və çatdırılma zamanı istifadə olunan vasitələrə, onların materialına və ləvazimatlara dair tələblər barədə ətraflı məlumat verilib. Həmçinin təlimə qatılan şirkət əməkdaşları qida məhsullarının çirklənmə növləri və mənbələri, şəxsi sağlamlıq, gigiyena, temperaturun idarə edilməsi, təmiz, izolyasiyalı çatdırılma çantalarının düzgün seçilməsi və istifadəsi, daşınma və çatdırılma zamanı yol verilən nöqsanlar, bu nöqsanların aradan qaldırılması üsulları və onların üzərinə düşən vəzifələr barədə məlumatlandırılıb.
Qeyd edək ki, beynəlxalq təcrübəyə əsasən, qida məhsullarının daşınması və çatdırılması xidməti ilə məşğul olan şirkətlər əməkdaşlarına fəaliyyətləri ilə bağlı müvafiq təlimlər keçməli, onların müvafiq fəaliyyət sahəsi üzrə təhsil almalarını və zəruri məlumatlara yiyələnmələrini təmin etməlidir. Bu iş şirkət daxilində və ya digər yerlərdə təşkil oluna bilər. Qida mənşəli xəstəliklərin qarşısını almaq və qida təhlükəsizliyi risklərini minimuma endirmək üçün çirklənmənin qarşısının alınması, temperatur rejimlərinin tənzimlənməsi, şəxsi sağlamlıq, gigiyena və digər məsələlər müvafiq təhsil və təlim proqramlarında yer almalıdır.
Oxşar xəbərlər
Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şahbazova Təranə Xubalı qızına məxsus kafedə plandankənar yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, mətbəxdə döşəmə və divarların, işçi masanın asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulun təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq kefenin fəaliyyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 25-29 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tərtər, Cəlilabad rayonlarında fəaliyyət göstərən 30 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır.
Göygöldə nöqsanlar aşkarlanan kolbasa istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.