AQTİ və UNICEF arasında görüş keçirilib
19 Fevral 2021 18:33










Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) əməkdaşları UNICEF-in Azərbaycandakı nümayəndəliyinin proqram rəhbəri ilə görüşüb.
Görüşdə AQTİ-nin fəaliyyəti ilə bağlı UNICEF-in nümayəndəsinə ətraflı məlumat verilib və bilidirilib ki, sağlam qidalanmanın təşviqi və bu istiqamətdə mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi üçün yeni texniki normativ hüquqi akt layihələrinin hazırlanması, həmçinin müvafiq elmi araşdırmaların aparılması İnstitutun fəaliyyətinin prioritet istiqamətlərindəndir.
Adıçəkilən beynəlxalq qurumun Səhiyyə və Qidalanma Proqramının rəhbəri Töhfə Cəmilova UNICEF-in Azərbaycan üzrə 2021-2025-ci illər üçün “Əməkdaşlıq Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı məlumatı görüş iştirakçılarının diqqətinə çatdırıb və qeyd edib ki, hazırda sözügedən proqramın icrasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanları ilə birlikdə 2 illik fəaliyyət planı hazırlanır.
Görüş zamanı tərəflər arasında əməkdaşlıq istiqamətləri və perspektivlərə dair fikir mübadiləsi aparılıb, o cümlədən məktəbəqədər yaşda olan uşaqların və məktəblilərin qidalanması sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi, onların qidalanma metodologiyasının müəyyənləşdirilməsi, eyni zamanda bəhs edilən məsələlər və ana südü ilə qidalanmanın əhəmiyyəti barədə maarifləndirmə işlərinin genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsi haqqında ilkin razılıq əldə olunub.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
