Avropa İttifaqı Azərbaycan fındığını təhlükəsiz hesab etdi
15 Dekabr 2021 09:45
Hazırda ölkəmizdən ixrac olunan bitkiçilik məhsulları arasında fındıq əhəmiyyətli yer tutur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fəaliyyətə başladığı ilk gündən ixrac olunan fındıq məhsullarına nəzarəti daha da gücləndirib və bu sahədə ardıcıl tədbirlər həyata keçirib. Görülmüş tədbirlər nəticəsində ölkəmizdən Avropa İttifaqına (Aİ) ixrac zamanı fındıq partiyalarında aflatoksin aşkarlanma halları əvvəlki illərlə müqayisədə kəskin azalıb.
Belə ki, 2017-2018-ci illər ərzində ölkəmizdən Aİ-yə ixrac olunan fındıq məhsullarında aflatoksin aşkarlanması səbəbindən hər iki ildə 18 (ümumilikdə 36) notifikasiya daxil olub və yük partiyaları geri qaytarılıb, yük partiyalarının yoxlama tezliyi isə artırılıb. 2020-ci ildə cəmi 1, 2021-ci il üzrə isə 2 notifikasiya qeydə alınıb. Bu isə Aİ-nin AQTA-nın həyata keçirdiyi nəzarət sisteminə etimadını daha da artırıb və fındıq məhsullarının idxalı ilə bağlı tətbiq edilən bir sıra qaydaların sadələşdirilməsinə zəmin yaradıb.
Qeyd edək ki, Aİ-nin 2019-cu il müvafiq qərarına uyğun olaraq, Azərbaycandan Aİ ölkələrinə ixrac edilən fındıq məhsullarının hər yük partiyası laborator müayinəyə cəlb olunmalı və sağlamlıq sertifikatı ilə müşayiət edilməli idi.
Görülən işlərin və həyata keçirilmiş tədbirlərin məntiqi nəticəsi olaraq, Avropa İttifaqı Agentlik tərəfindən həyata keçirilən nəzarət sistemini yüksək qiymətləndirib. Belə ki, Aİ-nin müvafiq qurumu ölkəmizdən ixrac edilən fındıq partiyalarına 20% yoxlama tezliyi saxlanmaqla, hər yük partiyasını toksikoloji laborator müayinəyə cəlb etmədən və müvafiq sənədlə müşayiət olunmadan ixracına icazə verilməsinə dair qərar qəbul edib. Bununla da, fındıq məhsulları Avropa İttifaqı ölkələrinə AQTA-nın nəzarəti altında risk əsaslı yanaşma tətbiq etməklə, qurumun zəmanəti əsasında ixrac olunacaq.
Bununla əlaqədar, Aİ-nin müvafiq Qərarına dəyişiklik edilərək, Azərbaycan Respublikası həmin Qərarın II Əlavəsindən çıxarılaraq, I Əlavəsinə daxil edilir. Yəni, bundan sonra məhsulun hər partiyası laborator müayinə edilmədən və sağlamlıq sertifikatı tələb olunmadan yalnız Agentliyin müvafiq zəmanəti əsasında Aİ-yə ixrac olunacaq.
Agentlik bir daha bu sahədə fəaliyyət göstərən sahibkarlara əldə edilmiş müsbət tendensiyanın qorunub saxlanılması və daha da genişləndirilməsi üçün təhlükəsizlik tələblərinə əməl etməyə, məhsullarda aflatoksinin yaranmaması üçün aqrotexniki qaydalara, həmçinin normativ aktların tələblərinə riayət etməyə çağırır.
Bununla əlaqədar, AQTA tərəfindən nəzarət tədbirləri davam etdiriləcək və bu sahədə sahibkarlarla sıx əməkdaşlıq ediləcəkdir.
Oxşar xəbərlər
Toyuq kəsimi sexinin qanundankənar fəaliyyət göstərdiyi aşkarlanıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Girdəni kəndində yerləşən, Hüseynova Ruhəngiz Davud qızına məxsus toyuq kəsimi sexində plandankənar yoxlama keçirib. Obyektdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub. Həmçinin diri quşların müşayiətedici sənədlərinin olmadığı, antisanitar şəraitdə, baytarlıq-sanitariya nəzarətindən keçmədən kəsiminin aparıldığı, məhsulların etiketlənmədiyi və digər normativ tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb və nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.
Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin “1003 - Çağrı Mərkəzi”nə daxil olan vətəndaş müraciəti və sosial mediada paylaşılan məlumat əsasında Abşeron rayonu, Fatmayı kəndində fəaliyyət göstərən, fiziki şəxs Orucov Abbas Tahir oğluna məxsus obyektdə yoxlama keçirilib. Baxış zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların tələblərinin pozulduğu müəyyən edilib. Müəssisədə toyuq məhsullarının müşayiətedici sənədlərinin və etiketlərin mövcud olmadığı və digər nöqsanlar aşkarlanıb. Müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb. Fakt əsasında qanunvericiliyin tələbinə uyğun müvafiq tədbirlər görülməkdədir.
Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xətai küçəsi 56 ünvanında fəaliyyət göstərən, “Xətai” Ticarət Mərkəzinə məxsus ərzaq bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı bazarda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib edilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş