Azərbaycan fındığının Çin bazarına ixracı üçün ilk rəsmi qeydiyyat əldə olunub
13 Avqust 2026 17:02
Azərbaycan fındığının Çin Xalq Respublikasına (ÇXR) ixracının genişləndirilməsi istiqamətində növbəti mühüm nəticə əldə olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə ÇXR-in Baş Gömrük Administrasiyası (GACC) arasında fındıq və badamın ixracına dair Protokol layihəsinin imzalanmasından sonra Çin tərəfinin müəyyən etdiyi tələblərin yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilib.
Belə ki, Çin tərəfinin təqdim etdiyi yoxlama siyahısı əsasında AQTA tərəfindən fındıq istehsalı və emalı müəssisəsində müvafiq yoxlama aparılıb. Yoxlamanın nəticələri qiymətləndirildikdən sonra Agentliyin tövsiyə məktubu hazırlanaraq Çinin Baş Gömrük Administrasiyasına təqdim edilib.
Görülən tədbirlər nəticəsində Azərbaycanda fındıq istehsalı və emalı ilə məşğul olan “AGRARCO” MMC-nin qabığı təmizlənmiş fındıq (fındıq ləpəsi) məhsulunun Çin Xalq Respublikasına ixracı ilə bağlı məlumatları GACC-nin CIFER (China Import Food Enterprise Registration) sistemində təsdiqlənib.
Beləliklə, “AGRARCO” MMC qabığı təmizlənmiş fındığın Çin bazarına ixracı üçün CIFER sistemində rəsmi qeydiyyata alınan ilk Azərbaycan müəssisəsi olub.
Bu nəticə Azərbaycan fındığının Çin bazarına çıxış imkanlarının genişləndirilməsi, yerli istehsalçıların ixrac imkanlarının artırılması və ölkənin fındıq ixrac coğrafiyasının genişləndirilməsi baxımından mühüm addımdır.
Oxşar xəbərlər
Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edilib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nəzarət tədbirləri çərçivəsində “Nord Star Pharma” MMC tərəfindən Rusiyadan idxal olunan “Biokor” istehsal müəssisəsinə məxsus “Qlisin Вiоkоr” əmtəə nişanlı bioloji aktiv qida məhsulundan (istehsal və son istifadə tarixi: 15.06.2026-15.06.2029) nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticələrinə əsasən, bəyan olunmuş tərkibdə uyğunsuzluq aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilib, ümumi çəkisi 216 kq olan 10 000 qutu məhsul partiyası məhv edilib.
İdxal olunan baytarlıq preparatında uyğunsuzluq aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı "Spektra-Vet" MMC-nin respublikamıza idxal etdiyi baytarlıq preparatlarının sınaq nəticələrində uyğunsuzluq aşkarlanıb. Belə ki, Çin Xalq Respublikasından idxal edilən “Farmazin Tylo” əmtəə nişanlı baytarlıq preparatı məhsul partiyasından götürülmüş nümunələrdə pH göstəricisinin normativ texniki tələblərə cavab vermədiyi müəyyən edilib. Uyğunsuzluqla əlaqədar qanunvericiliyə müvafiq qərar qəbul edilərək, 5010 ədəd 50 ml-lik, 3006 ədəd 100 ml-lik məhsul məhv edilib.
Fındıq istehsalçıları və ixracatçıları ilə görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) fındıq istehsalçıları və ixracatçılarının iştirakı ilə onlayn görüş keçirib. Görüşdə fındıq bağlarında zərərli orqanizmlərin, xüsusilə qəhvəyi mərmər bağacığının (Halyomorpha halys) yayılmasının qarşısının alınması, mütəmadi monitorinqlərin aparılması və kompleks mübarizə tədbirlərinin tətbiqi müzakirə olunub. Həmçinin bitki mühafizə vasitələrindən düzgün istifadə, pestisid qalıqlarına dair normalar və ixrac ölkələrinin fitosanitar tələbləri barədə məlumat verilib. İstehsalçı və ixracatçıların qarşılaşdıqları problemlər dinlənilib, onların həlli yolları və müvafiq tədbirlərin görülməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş