Bakı Regional Sınaq Laboratoriyasında 200 metod milli akkreditasiya qurumu tərəfindən akkreditə edilib
15 Dekabr 2021 15:10
Bakı Regional Sınaq Laboratoriyası ISO 17025-2017 beynəlxalq standartının tələbinə uyğun fəaliyyət göstərərək ölkədə istehsal olunan, idxal-ixrac edilən qida məhsullarında və suda təhlükəsizlik və keyfiyyət göstəricilərinin müayinəsinin həyata keçirilməsi istiqamətində ixtisaslaşıb.
Laboratoriyada qida və kənd təsərrüfatı məhsullarının, yemlərin, içməli suların Azərbaycan Respublikasında qüvvədə olan normativ-texniki sənədlərlə yanaşı, beynəlxalq standartlarda da qeyd olunan keyfiyyət və təhlükəsizlik parametrlərinə uyğun mikrobioloji, toksikoloji, fiziki-kimyəvi sınaqları aparılır.
Laboratoriya həyata keçirdiyi sınaqların keyfiyyətə nəzarətini təmin etmək məqsədilə analitik standartlardan, standart referans materiallardan, sertifikatlı referans materiallardan istifadə edərək laboratoriya daxilindəki bütün cihaz və avadanlıqların performans, kalibrləmə yoxlamalarını aparır.
Laboratoriya "Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə ümumi tələblər" standartına uyğun milli akkreditasiya qurumu tərəfindən akkreditasiya olunub. Bakı Regional Sınaq Laboratoriyasında 200 metod milli akkreditasiya qurumu tərəfindən akkreditə edilib.
Laboratoriyada sınaqlar ISO, AOAC, ASTM, NMKL, QOST kimi referans standartlardan istifadə edilərək həyata keçirilir. Laboratoriyada bütün qida məhsullarında yüksək həssaslığa malik ICP-MS (induktiv əlaqəli plazmalı optik və kütlə spektrometri) cihazı vasitəsilə beynəlxalq metodlardan istifadə edilərək toksiki metalların təyini sınağı həyata keçirilir. HPLC (yüksək effektli maye xromatoqrafı) cihazında alkoqolsuz içkilərdə və digər qida məhsullarında kofein, konservantların (kalium sorbat, sorbin turşusu, natrium benzoat, benzoy turşusu) təyini, alkoqolsuz içkilərdə və balda karbohidratların (saxaroza, fruktoza, qlükozanın) miqdarının təyini sınaqları aparılır. GC 7820A qaz xromatoqrafında bitki və heyvan mənşəli yağlarda yağ turşu tərkibinin təyin edilməsi analizləri həyata keçirilir. Cihaz vasitəsilə bitki və kərə yağlarının falsifikasiyası - həqiqiliyi yoxlanılır, spredlərdə süd yağının kütlə payı təyin edilir. Həmçinin laboratoriyada süd məhsullarında bitki sterinlərinin təyini də aparılır. Bitki sterinlərindən stiqmasterin, kampasterin və β - sitosterinin təyini həyata keçirilir. Sınaqlar beynəlxalq ISO standartına uyğun olaraq aparılır. Sadalanan cihazlar Yaponiya, ABŞ, Almaniya kimi ölkələrin istehsalıdır. Yüksək dəqiqliklə işləyən bu cihazlar sayəsində bir çox məhsullarda qısa zaman kəsiyində doğru nəticələr əldə etmək mümkündür. Laboratoriyada qida məhsullarında keyfiyyət və təhlükəsizlik göstəricilərinin və enerji dəyərinin təyini də həyata keçirilir.
Laboratoriyanın bioloji müayinələri həyata keçirən bölməsi ISO 7218:2007, ISO 17025:2017 və “European Accreditation for Microbiological Laboratory EA-04\10” sənədinin tələbinə uyğun qurulub. Bölmədə bütün qida məhsullarında və suda təhlükəsizlik göstəricilərindən olan mikrobioloji sınaqlar aparılır. Qida məhsullarında Salmonella spp., Listeria monocytogenes, Bacillus cereus, Enterobacteriaceae, Koaqulyaz müsbət stafilokoklar, E.coli, Koliform bakteriyaları, Sulfit reduksiyaedici anaerob bakteriyalar, ümumi mikroorqanizmlərin, kif və maya göbələklərinin təyini sınaqları, suda isə E. Coli və koliformlar, Pseudomonas aeruginosa, Enterokokki və ümumi mikroorqanizmlərin təyini beynəlxalq ISO standart metodları əsasında həyata keçirilir.
Oxşar xəbərlər

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.

Saxta süd məhsullarının sosial media səhifəsində satışa çıxarıldığı müəyyən edilib
Sosial media platformasında satışı həyata keçirilən qaymağın keyfiyyətinin aşağı olması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə daxil olan müraciət əsasında Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, “Salty Park” yaşayış kompleksi, giriş 1, ev 295 ünvanında yoxlama keçirilib. Baxış zamanı fiziki şəxs Nəzərova Könül Sabir qızının istehsalçı müəssisələrdən tərkibində quru süd və süd yağı əvəzedicisi olan müxtəlif növ süd məhsullarını (qaymaq, pendir və s.) alıb etiketini çıxararaq, “təbii süd məhsulu” adı altında, müşayiətedici sənədləri olmadan “TikTok” və “İnstagram” sosial media səhifələrində satışını həyata keçirdiyi aşkarlanıb. Eyni zamanda süd məhsullarının temperatur rejimi gözlənilmədən, soyuducu avadanlıqla təmin edilməyən minik avtomobili vasitəsilə müştərilərə çatdırıldığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb. Qeyd edək ki, saxta məhsulların satışı istehlakçıların hüquqlarının pozulmasıdır. Saxlama şəraitinə riayət olunmadan məhsulların satışı isə mikrobioloji çirklənməyə səbəb ola bilər ki, bu da insan sağlamlığı üçün təhlükəli hesab olunur. Vətəndaşlar qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.

Bərdədə heyvan satışı bazarında ciddi nöqsanlar müəyyən edilib
Bərdə rayonu, Alpoud kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus heyvan satışı bazarında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı plandankənar yoxlama aparılıb. Baxış zamanı bazarda satışa çıxarılan müxtəlif çeşiddə ət məhsullarının və unlu qənnadı məmulatlarının temperatur rejiminə əməl edilmədən və birbaşa günəş şüaları altında saxlandığı, əl yuma çanaqlarının mövcud olmadığı, qida məhsulları ilə təmasda olan səthlərin korroziyaya uğradığı və natəmiz olduğu, qida məhsulları üçün ayrıca yuma sahəsinin təşkil edilmədiyi, işçi heyətin gigiyena qaydalarına riayət etmədiyi və xüsusi geyimlə təmin olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.