Bakıda fəaliyyət göstərən “Okean” marketdə yoxlama aparılıb
21 Dekabr 2023 10:46




Bakıda fəaliyyət göstərən marketlərdən birində satılan dovğa məhsullarının istifadə müddətlərinin bitməsi ilə bağlı mediada yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılıb. Qeyd olunan qida məhsullarının Bakı şəhəri, Nəsimi rayonu, Əlimərdan Bəy Topçubaşov küçəsi, ev 346 ünvanında yerləşən, fiziki şəxs Salmanov Elman Ağaxan oğluna məxsus “Okean” marketdə satışının həyata keçirildiyi müəyyən edilib.
Bununla əlaqədar olaraq, Agentliyin müfəttişləri həmin marketdə plandankənar yoxlama aparıb. Yoxlama zamanı ticarət obyektinin satış vitrinində kütləvi informasiya vasitələrində yayılmış yararlılıq müddəti bitmiş dovğa məhsullarına rast gəlinməyib.
Buna baxmayaraq, aparılan yoxlama zamanı satışda olan digər qida məhsullarının da yararlılıq müddətinə baxış keçirilib. Baxış zamanı son istifadə müddəti bitmiş “Buva” əmtəə nişanlı 9 ədəd 0,33 litrlik qazsız təbii mineral su və digər məhsullar aşkar edilib. Yararlılıq müddəti bitmiş məhsullar dərhal satışdan kənarlaşdırılıb.
Yuxarıda qeyd edilənlərlə əlaqədar olaraq, ticarət obyektinin rəhbərliyinə qida məhsullarının satışı zamanı yararlılıq müddətinin daimi nəzarətdə saxlanması ilə bağlı ciddi xəbərdarlıq olunub. Eyni zamanda aşkar olunan uyğunsuzluqlarla bağlı rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

“İbrahim Kabab Evi” ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb
Bakı şəhəri, Nəsimi rayonu, H.Aslanov küçəsi, ev 85, m. 20 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Nəbiyev İbrahim Ağaisa oğluna məxsus “İbrahim Kabab Evi” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Baxış zamanı iaşə obyektində istehlaka təqdim edilən ətlərin baytarlıq müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Ət və ət məhsullarından, alət və avadanlıqlardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi, xidmətlərin göstərilməsi məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.

Xırdalanda ictimai iaşə obyektində normativ tələblərin pozulduğu aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Xırdalan şəhəri, S.Bəhlulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Məmməd Tofiq oğluna məxsus “Məhəllə” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı aşkarlanıb. Etiket məlumatları və müvafiq müşayiətedici sənədləri olmayan məhsulların satışa çıxarıldığı müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.
