Bakıda nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
10 Yanvar 2025 12:18






Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi ərazisində fəaliyyət göstərən fiziki şəxs Abbasov Zahir Həsən oğluna məxsus “Ay işığı” ictimai iaşə müəssisəsinin plandankənar yoxlama keçirilib.
Yoxlama zamanı ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, həmçinin sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, ayrıca manqal sahəsinin təşkil edilmədiyi, mətbəx sahəsinin divar, döşəmə və tavan səthlərinin su keçirməyən, yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materiallarından üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, ayrıca yuma çanaqlarının təşkil olunmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi, işçilərin tibbi müayinədən keçmədiyi, xüsusi geyimlə təmin edilmədiyi, eyni zamanda gigiyenik təlimlərə cəlb olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə dair qərar qəbul edilib.
Oxşar xəbərlər

Seroloji monitorinq keçiriləcək
Peyvənd olunduqdan sonra immun fonun təyin olunması və xüsusi təhlükəli xəstəliklərə görə epizootoloji şəraitin öyrənilməsi məqsədilə cari ilin 14-31 iyul tarixlərində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında seroloji monitorinq keçiriləcək. Monitorinq çərçivəsində xüsusi təhlükəli xəstəliklərə həssas heyvanlar arasında klinik müşahidələr aparılacaq və respublikanın (Naxçıvan Muxtar Respublikası daxil) 64 rayona (şəhərə) aid 483 yaşayış məntəqəsində fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu və xırdabuynuzlu heyvanlardan diaqnostik nümunələr götürüləcək. Habelə təsərrüfatlara ümumi baxış keçirməklə, baytarlıq norma və qaydalarına əməl olunması üçün məqsədyönlü maarifləndirmə-təbliğat tədbirləri görüləcək və epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Tədbir müddətində epizootoloji vəziyyət və götürülmüş nümunələr barədə məlumatlar “Epicollect 5” proqramına daxil olunacaq. Monitorinqdə Qida Təhlükəsizliyi Agentliyinin və Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon (şəhər) Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarələrinin, Naxçıvan Muxtar Respublikasının aidiyyəti qurumlarının mütəxəssisləri iştirak edəcəklər. Müvafiq müayinələrin aparılması məqsədilə götürülmüş nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına və regional sınaq laboratoriyalarına təqdim olunacaqdır.

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Beynəlxalq tədbir zamanı qidalanmanın təşkilinə nəzarət məsələləri müzakirə edilib
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ölkəmizin ev sahibliyi edəcəyi III MDB oyunlarının keçirilməsi zamanı qidalanmanın təşkilinə nəzarət və tənzimləmə tədbirləri ilə əlaqədar ictimai iaşə sahəsində fəaliyyət göstərən qida obyektlərinin nümayəndələri ilə onlayn görüş keçirib. Görüşdə nəzarət tədbirləri zamanı ictimai iaşə müəssisələrində aşkarlanan əsas uyğunsuzluqlar və yaranma səbəbləri, həmçinin uyğunsuzluqların aradan qaldırılması istiqamətində görülməli işlər və mövcud tələblər barədə məlumat verilib. İştirakçılar Agentlik tərəfindən hazırlanmış “III MDB oyunları tədbiri zamanı ictimai iaşə obyektlərində sanitar-gigiyenik normalara dair təlimat” barədə məlumatlandırılıb. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
