Bərdədə nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
30 May 2023 15:37
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Monitorinq Planının icrası çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bərdə rayonu, Muğanlı kəndi ərazisində fəaliyyət göstərən fiziki şəxs Ələsgərov Xəqani Əliağa oğluna məxsus su emalı müəssisəsində plandankənar yoxlama aparılıb. Götürülmüş nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib. Ekspertizanın nəticələrinə əsasən, müəssisədə qablaşdırılan “Muğanlı” əmtəə nişanlı içməli suyun tərkibində “Pseudomonas aeruginosa” və “MAFAnnMM 22° C” bakteriyasının yol verilən həddən çox olduğu müəyyən edilib. Həmçinin, müəssisənin qeydiyyatdan keçmədiyi və müvafiq çıxarışla təmin olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Eyni zamanda, müəssisədə satışı həyata keçirilən “Muğanlı” əmtəə nişanlı içməli suların etiket məlumatlarında “təbii mineral süfrə suyu” sözü qeyd olunduğu aşkar olunub. Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib. Eyni zamanda, nümunə nəticəsi uyğunsuz çıxan mal partiyasının ticarət şəbəkələrindən geri çağırılıması və məhsulların məhv edilməsi haqqında qərar qəbul olunub. Faktla bağlı araşdırmalar davam etdirilir.
AQTA su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edərək bildirir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən bu kimi məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.
Qida təhlükəsizliyi tələblərinin pozulduğu iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
Ağcabədi rayonunun N.Nərimanov küçəsində yerləşən, fiziki şəxs Alıyev Xəyyam Mirzəli oğluna məxsus “01” dönərxanasında və Xocavənd kəndində yerləşən, fiziki şəxs Hüseynov Elmir Əmirxan oğluna məxsus “Dostluq” dönərxanasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanalarda qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən olunub. Belə ki, iaşə obyektlərində çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına əməl olunmadığı, qabaqcıl gigiyena təcrübəsinin, o cümlədən çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin təmin edilmədiyi, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin görülmədiyi, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və digər nöqsanlar aşkarlanıb.