Beynəlxalq ekspert AQTİ mütəxəssislərinə növbəti təlim keçib
16 Fevral 2022 16:07
Qida texnologiyaları üzrə beynəlxalq ekspert Upali Samarajeewa Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nəzdində fəaliyyət göstərən laboratoriyaların mütəxəssisləri üçün “Ölçmə qeyri-müəyyənliyinin hesablanması” mövzusunda təlim keçib. Onlayn formatda keçirilən təlimdə AQTİ tabeyində fəaliyyət göstərən laboratoriyaların mütəxəssisləri iştirak edib.
Beynəlxalq ekspert Upali Samarajeewa təlim iştirakçılarına bu beynəlxalq standartın tətbiqinin təmin edə biləcəyi fayda və üstünlüklər barədə məlumat verib. Təlim çərçivəsində sınaq laboratoriyalarında ölçmə qeyri-müəyyənliyinin qiymətləndirməsi və hesablanması üçün istifadə olunan statistik metodlar izah edilib.
Eyni zamanda ölçmə qeyri-müəyyənliyi haqqında ümumi tərif və anlayışlar, Ölçmə qeyri-müəyyənliyinə səbəb olan amillər, Qeyri-müəyyənlik hesablamalarında istifadə olunan statistik paylanma üsulları, genişləndirilmiş qeyri-müəyyənliyin hesablanması, standart qeyri-müəyyənliyin hesablanması üzrə nəzəri biliklərlə bağlı ətraflı məlumat verilib, mövzu üzrə interaktiv müzakirələr aparılıb. Sonda isə iştirakçıların təlimi necə mənimsədiyini müəyyən etmək məqsədilə qiymətləndirmə aparılıb.
Qeyd edək ki, beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən təlimlərin keçirilməsində məqsəd AQTİ mütəxəssislərinin peşəkarlıq və səriştəlilik səviyyəsinin yüksəldilməsi, bilik və bacarıqlarının artırılmasıdır.
Oxşar xəbərlər
Göygöldə nöqsanlar aşkarlanan kolbasa istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.