Binəqədi rayonunda fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində nöqsanlar aşkarlanıb
6 İyun 2024 16:31
Daxil olmuş vətəndaş müraciəti əsasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, “Baksol” adlanan ərazidə fəaliyyət göstərən süd məhsullarının emalı müəssisəsində yoxlama həyata keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulması faktları müəyyən edilib. Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, temperatur rejiminə və texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, qida obyektinə qəbul edilmiş məhsulların müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, emal edilmiş məhsulların qablaşdırma materiallarının qida təhlükəsizliyi sahəsində normativlərə cavab vermədiyi, qida məhsullarının yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, işçilərin dövri tibbi müayinədən keçirilmədiyi və mütəmadi təmizlik işlərinin aparılmadığı məlum olub.
Eyni zamanda müəssisədə müxtəlif istehsalçılara aid etiketlər aşkarlanıb. Müəssisədə istehsal olunan “Alpen” əmtəə nişanlı mozarella pendirinin etiket məlumatlarında məhsulun növü olaraq “mozarella” deyil, “gouda” sözünün qeyd edildiyi, məhsulun emalı zamanı istifadə edilən bitki yağı barədə məlumatların dolğun qeyd olunmadığı müəyyən olunub. Bundan əlavə etiket məlumatlarında qanunsuz olaraq digər qida obyektinə məxsus qida məhsulları sahəsində fəaliyyət göstərən subyektin dövlət reyestrindən çıxarışının nömrəsi qeyd edilib. Qida obyektində hazır məhsul kamerasına baxış keçirilən zaman üzərində qanunvericiliyə uyğun etiket məlumatları olmayan ümumi çəkisi 1297 kq pendir məhsulu aşkarlanıb.
Müayinələrin aparılması məqsədilə müəssisədə emal olunan “Sweet” əmtəə nişanlı mozarella pendirindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib, süd məhsullarının emalının dayandırılmasına dair “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” Qərar qəbul olunub. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
İctimai iaşə müəssisələrində aşkar edilmiş nöqsanlar aradan qaldırılıb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin apardığı plandankənar yoxlamalar zamanı Bakı şəhərində fəaliyyət göstərən bir sıra ictimai iaşə və qida məhsullarının satışı ilə məşğul olan müəssisələrdə aşkarlanmış nöqsanların aradan qaldırılması istiqamətində müvafiq sağlamlaşdırma tədbirləri həyata keçirilib. Belə ki, Xətai, Yasamal və Suraxanı rayonlarında fəaliyyət göstərən 3 müəssisədə keçirilmiş yoxlamalar zamanı müəyyən edilmiş nöqsanlar müəssisə sahibləri tərəfindən aradan qaldırılıb. Görülmüş tədbirlər nəticəsində ictimai iaşə müəssisələrində aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılıb və fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb. Sağlamlaşdırma tədbirləri həyata keçirilən müəssisələr aşağıdakılardır: 1. Fiziki şəxs Rəhimov Fərid Mübariz oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal 4 mkr, ev 18A ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 2. Fiziki şəxs Zamanov Nəsimi Səməd oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 18/3 (93 saylı mağaza) ünvanında yerləşən “Köhnə ciyərxana” kafesi; 3.Fiziki şəxs Bayramov Emin Varımcan oğluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, A.İldırım küçəsi, 37C ünvanında yerləşən “Halva” kafesi;
Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – Fəaliyyətləri məhdudlaşdırıldı
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib. Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb. Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Araşdırmalar davam etdirilir.
Nəzarət tədbirləri - İcmal
AQTA tərəfindən keçirilən plandankənar yoxlamalar zamanı Bakı şəhərində, Bərdə və Masallı rayonlarında fəaliyyət göstərən qida obyektlərində sanitariya-gigiyena tələblərinin pozulması və digər nöqsanlar müəyyən edilib. Aşkarlanmış pozuntularla bağlı obyektlərin fəaliyyətinin məhdudlaşdırılması istiqamətində tədbirlər görülüb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş