Biotəhlükəsizlik və biomühafizə qaydaları mövzusunda AQTİ mütəxəssislərinə təlim keçirilib
23 İyun 2021 11:10


Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi və laboratoriya əməkdaşlarının peşəkarlığının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirakı təmin edilir.
Növbəti belə təlim ABŞ Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin Mərkəzi Baytarlıq Laboratoriyasının işçi heyətinə “Biotəhlükəsizlik və biomühafizə qaydaları” üzrə keçirilib. Təlim zamanı heyvan sağlamlığı laboratoriyalarında bioriskin idarə edilməsi və strategiyası, bioetika, problemli ikili istifadə tədqiqatları, virusoloji, bakterioloji, seroloji, molekulyar bioloji müayinələr zamanı biotəhlükəsizlik və biomühafizə risklərinin səciyyələndirilməsi və təhlili haqqında iştirakçılara geniş məlumat verilib.
Sonda təlimçilər və iştirakçılar arasında mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.
Oxşar xəbərlər

Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
Mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

"Asenat" MMC-yə məxsus su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub. Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Aqşin Salam oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı suların açıq şəraitdə qablaşdırıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, qabların yuyulub doldurulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Baxış zamanı digər istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı su bidonlarının doldurularaq satışa çıxarıldığı müəyyən edilib. Həmçinin emal sahəsində qablaşdırılma tarixi qeyd edilməyən 100 ədəd 19 litrlik müxtəlif əmtəə nişanlı su bidonu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
