“Bir damcı” su emalı müəssisəsində plandankənar yoxlama keçirilib
25 May 2023 16:04
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
İstehlakçı şikayəti əsasında Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37 ünvanında yerləşən fiziki şəxs Nabatalıyev Həsi Yunus oğluna məxsus “Bir damcı” su emalı müəssisəsində plandankənar yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisənin qeydiyyatdan keçmədiyi və çıxarışla təmin edilmədiyi, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, divar və döşəmə səthlərinin asan yuyulub təmizlənməni təmin edən materialla üzlənmədiyi, mexaniki havalandırma sisteminin quraşdırılmadığı, işçi üçün sanitar-məişət avadanlıqları ilə təchiz edilmiş soyunub-geyinmə sahəsinin təşkil olunmadığı, xüsusi iş geyimi ilə təmin edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Eyni zamanda, müəssisədə satışı həyata keçirilən suyun qablaşdırılması üçün qablaşdırma materiallarının təmin olunmadığı, suyun alıcının təqdim etdiyi qablara doldurularaq satışa təqdim olunduğu, beləliklə, məhsulların markalanmadığı müəyyən edilib. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq müəssisədə suyun emalının qadağan edilməsinə dair məhdudlaşdırıcı qərar qəbul olunub və müəssisə rəhbəri barəsində inzibati protokol tərtib edilib.
AQTA su satışı ilə məşğul olan ticarət şəbəkələrinə bir daha xəbərdarlıq edərək bildirir ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun müvafiq tələblərini kobud şəkildə pozaraq müvafiq normalara cavab verməyən bu kimi məhsulların satışı dayandırılmalı və geri çağırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilməlidir. Əks halda, həmin suların satışını həyata keçirən ticarət müəssisələri barədə qanunvericilik çərçivəsində inzibati tədbirlər görüləcəkdir.
İstehlakçılardan hər hansı uyğunsuzluq və şübhəli hallar aşkar etdikdə, dərhal Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.