Cəlilabadda çörək istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
15 Aprel 2025 09:42










Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən, fiziki şəxs İsmayılov Cavid Yədulla oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb.
Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Oxşar xəbərlər

Təsərrüfatların qeydiyyatı sağlam və təhlükəsiz qida istehsalı üçün olduqca vacibdir
Bitkiçilik sahələrinin inkişafı üçün ən vacib addımlardan biri bitki mənşəli məhsul istehsalı sahələrinin, o cümlədən ailə təsərrüfatlarının qida təhlükəsizliyi qeydiyyatına alınmasıdır. Qeydiyyata alınmış təsərrüfatlarda bitki xəstəlikləri və zərərvericilərin yayılmasının qarşısını alınmasına nəzarət daha asan vəçevik formada həyata keçirilir. Belə ki, həmin təsərrüfatlarda aidiyyəti qurumlar tərəfindən mütəmadi olaraq profilaktik tədbirlər görülməsi üçün monitorinq və müşahidələr aparılır. Təsərrüfatlarda bitki xəstəlik və zərərvericilərindən azad toxum və tinglərdən istifadə təşviq edilir. Eləcə də torpaq resurslarından əhalinin tələbatına uyğun istifadə edilməsi məqsədilə dəqiq uçot aparılır. Həmçinin təsərrüfat sahiblərinə zərərvericilərlə mübarizə üsulları, torpağın münbitliyinin artırılması, düzgün pestisid və gübrələmə üsullarından istifadə barədə təlimlər keçirilir. Görülən işlərin nəticəsində isə təsərrüfat sahibləri bitki və bitkiçilik məhsulları üçün dövlətdən fitosanitar sertifikatlar əldə edirlər. Bu da daxili bazarda məhsul satışını artırır, eləcə də xarici bazara daha asan çıxışı təmin edir. Eyni zamanda, beynəlxalq ticarətdə rəqabət qabiliyyətini gücləndirir. Qeyd edək ki, qeydiyyat yalnız qanunla tələb olunan addım deyil, həm də təsərrüfatların davamlı inkişafı, daha sağlam qida istehsalı və güclü bazar əlaqələri qurulması üçün mühüm tədbirdir.

Topdansatış mağazasında saxta spirtli içkilər aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Şirvan şəhəri, Xəqani küçəsində fəaliyyət göstərən, Cəfərov Cavid Balamirzə oğluna məxsus topdansatış mağazasında yoxlama keçirib. Baxış zamanı iaşə obyektində 168 ədəd 1 litrlik, 163 ədəd 0.7 litrlik, 224 ədəd 0.5 litrlik “Belaruska” əmtəə nişanlı saxta spirtli içki aşkarlanıb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib və uyğunsuzluq aşkarlanmış məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Qəhvəyi mərmər bağacığına qarşı tədbirlər davam etdirilir
Qəhvəyi mərmər bağacığının respublikada yayılmasının qarşısının alınması, mövcud yayılma ocaqlarının ləğv edilməsi və fitosanitar sabitliyin qorunub saxlanılması məqsədilə tədbirlər davam etdirilir. Tədbirlər çərçivəsində “Qəhvəyi mərmər bağacığına qarşı bitki mühafizəsi tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı əsasında yaradılan Regional Əlaqələndirmə Mərkəzinin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə İşçı qrupunun görüşü keçirilib. Görüşdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin əməkdaşları və yerli icra hakimiyyəti orqanlarının nüməyəndələri iştirak ediblər. Görüş zamanı Nazirlər Kabinetinin müvafiq Sərəncamından irəli gələn məsələlər haqqında geniş məlumat verilib. Qarşıda duran cari problemlər və icrası vacib məsələlər müzakirə olunub. Qeyd edək ki, Regional Əlaqələndirmə Mərkəzlərində “Qaynar Xətt” fəaliyyət göstərir. Vətəndaşlar aşağıdakı telefon nömrələrinə zəng vuraraq, zərərvericiyə qarşı mübarizə tədbirləri barədə məlumatlar əldə edə bilərlər: +994 99 708 85 88 (Qərb rayonları üzrə) +994 99 308 85 88 (Şimal-qərb rayonları üzrə)
