COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
14 May 2024 15:52
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirlərini davam etdirir.
Cari ilin 10-13 may tarixlərində 49 ticarət və 63 ictimai iaşə müəssisəsində monitorinq keçirilib. Monitorinqlər zamanı 46 ticarət və 62 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.
Monitorinqlər zamanı aşkarlanmış nöqsanlar aşağıdakılardır:
- qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın olmaması;
- məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması;
- izləmə sisteminin (QR kod) tətbiq olunmaması;
- mal qonşuluğu prinsipinin pozulması;
- temperatur rejiminə riayət olunmaması;
- süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin mövcud olmaması;
- istifadə müddəti bitmiş, Azərbaycan dilində markalanması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcud olması;
- sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qənaətbəxş olmaması;
- mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması;
- obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin olunmaması.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.
AQTA bu cür nəzarət tədbirlərini mütəmadi olaraq davam etdirəcəkdir.
Oxşar xəbərlər
Nərimanov rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 35 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Elşad Elxan oğluna məxsus “Şuşa” restoranında plandankənar yoxlama keçirib. Baxış zamanı restoranda üzərində markalanma aparılmayan soyuq qəlyanaltılar, yarımfabrikatlar və müxtəlif çeşidli turşular aşkarlanıb. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, soyuducuda mal qonşuluğu prinsipinin pozulduğu, quru məhsulların saxlanılması, ət məhsullarının və tərəvəzlərin ilkin emalı üçün sahənin təşkil edilmədiyi, havalandırma sisteminin qurulmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, işçi heyətin gigiyenik təlimlərə cəlb edilmədiyi və xüsusi sanitar geyimlə (əlcək, saç toru), fərdi mühafizə vasitələri (maska) ilə təmin olunmadığı, emal sahəsində masa səthlərinin asan yuyulan və dezinfeksiyaya davamlı materialdan təşkil olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan, qoxu yaymayan tullantı qablarından istifadə edilmədiyi və digər nöqsanlar müəyyən olunub.
Qaydaları pozan su emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, İ.Hacıyev küçəsi, ev 46C ünvanında fəaliyyət göstərən, “Pure Life” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib. Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, qablaşdırma materiallarının, yuyucu və dezinfeksiyaedici vasitələrin saxlanılması, eləcə də işçi heyət üçün ayrıca sahələrin təşkil edilmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı, emal sahəsində divar və tavanın tamlığının pozulduğu, qablaşdırma materiallarının yuyulması üçün asan təmizlənə bilən və gigiyenik tələblərə cavab verən yuma çanağının təmin edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.
Bakıda fəaliyyət göstərən oteldə normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb
Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi, ev 27 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Arzumanov Valeh Cahangir oğluna məxsus “Rigs” otelinin qida blokunda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, qida blokunda temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması üçün ayrıca sahələrin təşkil edilmədiyi, mətbəxdə tavanın tamlığının pozulduğu, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.