Çörək istehsalı müəssisəsində nöqsanlar aşkar olunub
22 May 2021 11:08


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Qax şəhəri, İ. Mustafayev küçəsində yerləşən, Əlicanov Yaşar Əziz oğluna məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib. Belə ki, müəssisənin istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının hisdən qaraldığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Biləsuvarda “Öz Məkan“ kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, Ələt-Astara magistral avtomobil yolunun 114-cü km-də fəaliyyət göstərən, fiziki şəxs Ağayev Vəkil Mikayıl oğluna məxsus “Öz Məkan“ kafesində yoxlama keçirib. Baxış zamanı kafedə sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən olunub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və kafenin manqal sahəsində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib.

İstehlaka yararsız iribuynuzlu heyvan cəmdəyi aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin və DİN-in Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları Əsgəran postunda Xaspoladzadə Şəmsi Rafayıl oğluna məxsus 90 HV 895 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobildə təxmini çəkisi 120 kq iribuynuzlu heyvan cəmdəyi aşkarlayıb. Baxış zamanı ətin baytarlıq-sanitariya ekspertizasından keçirilmədiyi, orqanoleptik göstəricilərinə görə ətdən kəskin qoxu gəldiyi və rənginin tündləşdiyi, həmçinin antisanitar şəraitdə daşındığı müəyyən edilib. Xaspoladzadə Şəmsi Rafayıl oğlu izahatında ətin Laçın rayonunun Narışlar kəndində Abbasov Rizvan Əvəz oğlu tərəfindən kəsildiyini və onun sifarişi ilə Ağcabədi rayonuna apardığını bildirib. Müayinələrin aparılması üçün nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına təqdim olunub və istehlaka yararsız ət soyuducu anbarda saxlanca yerləşdirilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Araşdırmalar davam etdirilir.

Nərimanov rayonunda suşi emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi 107 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Əliyev Elnur Tahir oğluna məxsus suşi emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı emal müəssisəsində sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, qida məhsullarının antisanitar vəziyyətdə emal edildiyi, saxlanma temperaturuna əməl edilmədiyi və etiketlənmə tələblərinin pozulduğu, həmçinin qida məhsulları ilə təmasda olan materialların müşayiətedici sənədlərinin olmadığı aşkarlanıb. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul olunub, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
