Daha 8 müəssisədən Rusiyaya alma ixracına icazə verilib
10 Avqust 2021 14:09
Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Həyata keçirilən birgə tədbirlər çərçivəsində Agentliyin mütəxəssisləri və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") əməkdaşlarının iştirakı ilə respublika ərazisi üzrə fəaliyyət göstərən pomidor və alma istehsalı müəssisələrində birgə videomonitorinqlər davam etdirilir. Bununla yanaşı, müəssisələrdə həyata keçirilən sağlamlaşdırıcı tədbirlər və aparılan araşdırmaların nəticələri ilə bağlı məlumatlar mütəmadi qaydada Rusiya tərəfinə təqdim olunur. Görülən işlərin məntiqi nəticəsi olaraq “Rosselxoznadzor" tərəfindən 2021-ci il 10 avqust tarixindən daha 8 alma istehsalı müəssisəsindən bu ölkəyə alma ixracına icazə verilib.
Bu günə qədər Rusiya Federasiyasının müvafiq qurumu tərəfindən 54 alma istehsalı müəssisəsindən Rusiyaya məhsul ixracına icazə verilib. Rusiya Federasiyasına alma ixracına icazə verilmiş müəssisələrin ixrac potensialı 121517 ton təşkil edir ki, bu da 2020-ci il ərzində Rusiyaya ixrac olunan 66924 ton alma məhsulunun 181.5%-i həcmindədir.
Oxşar xəbərlər
Göygöldə nöqsanlar aşkarlanan kolbasa istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.