Daşkəsəndə fəaliyyət göstərən aptekdə bioloji aktiv qida məhsulu ilə bağlı pozuntular aşkarlanıb
18 Avqust 2023 17:45
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Daşkəsən rayonu, T.İsmayılov küçəsi 21 ünvanında fəaliyyət göstərən “Dokta” MMC-yə məxsus aptekdə yoxlama həyata keçirilib. Yoxlama zamanı aptekdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar olunub. Belə ki, aptekdə satışı həyata keçirilən “Tempukan” əmtəə nişanlı bioloji aktiv qida məhsulunun istifadə təlimatında qanunvericiliyə zidd olaraq, həmin məhsulun insan xəstəliklərinin qarşısının alınması və müalicə xüsusiyyətlərinə malik olması barədə qeydlərin yazıldığı müəyyən edilib. Həmçinin qablaşdırılma üzərində və istifadə təlimatında məhsulun istifadə qaydası barədə dəyişdirilmiş məlumatların verildiyi aşkar olunub.
Eyni zamanda aparılan araşdırma çərçivəsində “Tempukan” məhsulunun “Nes Group” MMC tərəfindən ölkəyə gətirildiyi müəyyən edilib. Həmçinin idxal zamanı sözügedən bioloji aktiv qida məhsulunun qablaşdırılması üzərindəki etiketin və istifadə təlimatının qanunverciliyə uyğun olaraq təmin edildiyi, lakin sonradan idxalçı tərəfindən məlumatlar dəyişdirilərək məhsulların satışa göndərildiyi aşkar olunub.
Aşkarlanmış faktlarla əlaqədar “Dokta” MMC-yə məxsus aptekin vəzifəli şəxsi və “Nes Group” MMC-nin rəhbərliyi barəsində qanunverciliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Eyni zamanda “Dokta” MMC-də aşkarlanan nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib. “Nes Group” MMC ilə bağlı isə istifadə təlimatında və qablaşdırılması üzərində müxtəlif xəstəliklərin qarşısının alınmasına dair qeydlərin yazılması, eləcə də istehsalçı tərəfindən tövsiyə edilən istifadə qaydasının dəyişdirilməsi ilə əlaqədar həmin məhsul partiyasına verilmiş qida təhlükəsizliyi sertifikatının ləğv olunması və məhsul partiyasının dövriyyədən geri çağrılması ilə bağlı qərarlar qəbul edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaq.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.