Dönərxanalarla bağlı nəzarət tədbirləri gücləndirilib
7 İyun 2024 14:55
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Ölkəyə idxal olunan və ölkədə istehsal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür. Məhsullar daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir və Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb edilir. Aşkar edilmiş uyğunsuzluqlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür. Bununla yanaşı, məhsulların təhlükəsizliyi və ya keyfiyyəti ilə bağlı konkret faktlara əsaslanan müraciətlər daxil olduqda, Agentlik tərəfindən plandankənar (növbədənkənar) yoxlamalar aparılır və nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunur. Yoxlama nəzarət tədbirləri zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkarlandığı təqdirdə, qanunamüvafiq tədbirlər görülür.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və dönər satışı müəssisələrinə nəzarət daha da genişləndirilib. Bu çərçivədə 2024-cü il 13 may tarixindən etibarən 250 dönər satışı həyata keçirilən qida obyektində monitorinqlər keçirilib. Monitorinqlər zamanı qida obyektlərinin sanitar-gigiyenik və sanitar-texniki vəziyyəti qiymətləndirilib. 1 müəssisədə vəziyyət qənaətbəxş hesab olunub, 249 müəssisədə isə bir sıra nöqsanlar aşkarlanıb.
Monitorinqlər zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb:
- müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərməsi və qida təhlükəsizliyi reyestrinə daxil edilməməsi;
- texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi;
- qida obyektinə qəbul edilmiş xammalların giriş nəzarətinin (müşayiətedici sənəd, orqanoleptiki baxış, temperatur rejimi, baytarlıq arayışı və s.) həyata keçirilməməsi;
- temperatur rejiminə əməl olunmaması;
- yararlılıq müddəti ötmüş xammalın istifadəsinə yol verilməsi;
- dondurulmuş qida məhsullarının donunun açılması (defrostasiya) prosedurunun tələblərə uyğun həyata keçirilməməsi;
- çiy dönər ətinin hazırlanmasında istifadə olunan ətlərin baytarlıq-sanitariya ekspertizasından keçməsini təsdiq edən müvafiq sənədlərlə təmin edilməməsi;
- çiy dönər emalının sanitar-gigiyenik tələblərə uyğun, texnoloji proseslərin icrası üçün lazım olan avadanlıq və inventarla təchiz olunmuş ayrıca sahədə həyata keçirilməməsi;
- tədarük olunan çiy dönərin istehsalçı və emalçısının qida təhlükəsizliyi qeydiyyatına alınmaması;
- istifadə olunan xammalların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müvafiq sənədlərlə müşayiət olunmaması;
- işçilər tərəfindən gigiyena qaydalarına tam riayət edilməməsi;
- işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi və tibbi arayışlarla tam təmin olunmaması;
- müəssisənin hər zaman istifadəyə hazır, yetərli miqdarda içməli su sistemləri ilə təchiz olunmaması;
- müəssisədə mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin həyata keçirilməməsi;
- qida ilə təmasda olan materialların müvafiq müşayiətedici sənədlərinin olmaması.
Monitorinqlər çərçivəsində 203 müəssisədə 214 toyuq əti və 71 mal əti olmaqla, ümumilikdə 285 dönərdən nümunələr götürülərək müayinə məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində 47 müəssisədən götürülmüş 46 toyuq və 16 mal əti olmaqla, ümumilikdə 62 dönər nümunəsində E.Coli və 1 müəssisədən götürülmüş 1 toyuq dönəri nümunəsində L.monocytogenes bakteriyası aşkarlanıb.
152 müəssisədə götürülən 207 dönər nümunəsində hər hansı uyğunsuzluq aşkarlanmayıb. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Eyni zamanda sınaq nəticəsi uyğunsuz çıxan qida obyektlərində yoxlama aparılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Yoxlamaların Vahid Məlumat Reyestri”ndən ümumillikdə 30 çıxarış alınıb.
Aşkarlanmış nöqsanlarla bağlı 23 müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Eyni zamanda qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb ki, bununla əlaqədar 10 müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması, 5 müəssisədə isə işçi heyətin üzvünün (üzvlərinin) kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlar qəbul edilib.
Vətəndaşlarda istehlak etdikləri məhsullarla bağlı şübhə yarandıqda, eləcə də qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat verə bilərlər. Müraciət daxil olduqdan dərhal sonra araşdırmalara başlanılacaq və qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəkdir.
Oxşar xəbərlər
İdentifikasiya sistemi üzrə təcrübə mübadiləsi aparılıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Macarıstanın Qida Zənciri Təhlükəsizliyi Qurumu arasında heyvan sağlamlığı sahəsində qanunvericilik və institusional təcrübənin öyrənilməsinə həsr olunmuş onlayn görüş keçirilib. Görüşdə Macarıstanda heyvanların identifikasiyası və qeydiyyatı sisteminin hüquqi və institusional əsasları, tətbiqi və idarə olunması mexanizmləri, mövcud vəziyyəti, izlənmənin təmin olunması və digər məsələlər barədə məlumatlar təqdim edilib. Eyni zamanda, heyvan xəstəliklərinin vaxtında aşkarlanması və qarşısının alınması, eləcə də heyvan mənşəli məhsulların izləniləbilənliyinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Sonda tərəflər qarşılıqlı əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər.
AQTA sədri Gəncə və Göygöldə qida emalı müəssisələrinə baxış keçirib
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Gəncə şəhərində və Göygöl rayonunda yerləşən qida emalı müəssisələrinin fəaliyyəti ilə tanış olub. Baxış zamanı Gəncə şəhərinin Gülüstan qəsəbəsində fəaliyyət göstərən "Nurçin-2017" MMC-də, həmçinin Göygöl rayonunun Quşqara kəndində sahibkar Məzahir Balayevə məxsus müəssisədə qida məhsullarının emalı prosesi barədə məlumat verilib. Qida təhlükəsizliyi tələblərinin təmin olunmasının, eləcə də istehsal imkanlarının genişləndirilməsinin, tətbiq edilən texnologiyaların təkmilləşdirilməsinin vacibliyi vurğulanıb.
“Demetria” MMC-yə məxsus istixana təsərrüfatında sağlamlaşdırma tədbirləri keçirilib
Karantin tətbiq edilən zərərli orqanizmlərin vaxtında aşkarlanması, yayılmasının qarşısının alınması və bitkiçilik məhsullarının fitosanitar təhlükəsizliyinin təmin edilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzarət tədbirlərini davam etdirir. Agentliyin Dağlıq Şirvan regional bölməsinin əməkdaşları “Demetria” MMC-yə məxsus istixana təsərrüfatına baxış keçiriblər. İxracı nəzərdə tutulan məhsullardan götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində qonur qırışıqlıq virusu aşkarlanıb. Virusun yayılmasının qarşısını almaq məqsədilə təsərrüfatda sağlamlaşdırma işləri aparılıb, müvafiq sanitariya və dezinfeksiya tədbirləri görülüb.
Giriş