“Dükkan” restoranında istehlaka yararsız məhsullar aşkarlanıb
21 Yanvar 2025 11:44
Kütləvi qidalanmanın təşkil edildiyi iaşə obyektlərinə nəzarət tədbirləri çərçivəsində paytaxtın Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 37-də fəaliyyət göstərən, fiziki şəxs Əliyev Eyvaz Həsən oğluna məxsus “Dükkan” restoranında yoxlama keçirilib.
Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq istehlaka təqdim edilməsinin qarşısı alınıb.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı inzibati protokol tərtib olunub. İaşə obyektində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılmasına dair məhdudlaşdırıcı qərar qəbul edilib.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Qoşqar Təhməzli Latviyanın kənd təsərrüfatı naziri ilə görüşüb
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Latviya Respublikasının kənd təsərrüfatı naziri Armands Krauze arasında görüş keçirilib. Görüşdə gələcək əməkdaşlıq imkanlarına, o cümlədən birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Qoşqar Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, ölkəmizdə bitki və heyvan sağlamlığının beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əsaslı işlər görülür. Bu çərçivədə Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən təsdiq olunan xırdabuynuzlu heyvanların taunu (PPR) xəstəliyindən, eyni zamanda yüksək patogenli quş qripi xəstəliyindən azad olma statusu əldə edib. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış yeni “Bitki sağlamlığı haqqında” Qanun layihəsi ölkəmizdə bitki sağlamlığının qorunması və təhlükəsizliyinin təmin edilməsi sahəsində atılan mühüm addımlardan biridir. Q.Təhməzli eyni zamanda heyvan sağlamlığı sahəsində mövcud qanunvericiliyi beynəlxalq tələblərə uyğunlaşdırmaq məqsədilə beynəlxalq ekspertlərin tövsiyələri də nəzərə alınmaqla, “Heyvan sağlamlığı haqqında” Qanun layihəsinin hazırlandığını diqqətə çatdırıb. Qeyd olunub ki, son illərdə iki ölkə arasında kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması birgə əməkdaşlıq imkanlarını daha da genişləndirib. Latviyanın yüksək riskli məhsul ixrac edən 2 qida obyekti AQTA tərəfindən təsdiq olunub. Agentliyin Kollegiyasının qərarı ilə Latviyanın qida obyektlərinin təsdiq sisteminin ekvivalentliyi tanınıb. Ölkəmizdən bitkiçilik məhsullarının Latviyaya ixracı genişləndirilib, bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq imkanları daha da artıb. Eyni zamanda Qazax rayonunun Gürcüstanla sərhəd buraxılış məntəqəsinə yaxın ərazisində yaradılan “Qırmızı körpü” qida təhlükəsizliyi nəzarət məntəqəsində Latviyanın qabaqcıl təcrübəsinin öyrənilməsi barədə razılıq əldə edilib. Təcrübə mübadiləsi nəticəsində məntəqədə idxal və ixrac əməliyyatları zamanı aşkarlanan uyğunsuzluqlarla bağlı tədbirlər, prosedurlar və qərar qəbuletmə mexanizmləri daha da optimallaşdırılacaq. Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı yüksək qiymətləndirib. Vurğulayıb ki, Azərbaycan və Latviya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. Bundan sonra da əməkdaşlığın daha da genişləndiriləcəyinə ümidvar olduğunu bildirib. Görüşdə Latviyanın Qida Təhlükəsizliyi, Heyvan Sağlamlığı və Ətraf Mühit İnstitutu (BİOR) ilə Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.Görüşdən sonra nümayəndə heyəti Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun ixtisaslaşmış laboratoriyaları ilə yaxından tanış olub. Qonaqlara laboratoriyalarda aparılan müayinələr, səriştəlilik sınaqları və digər elmi-tədqiqat fəaliyyətləri barədə ətraflı məlumat verilib.

Belarusun “BelAqroGen” Elmi İstehsalat Mərkəzi ilə AQTİ arasında əməkdaşlıq genişləndirilir
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin başçılıq etdiyi nümayəndə heyəti və “BelAqroGen” Elmi İstehsalat Mərkəzinin rəhbərliyi ilə görüş keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev AQTİ-nin Bakı və regionlarda fəaliyyət göstərən ixtisaslaşmış laboratoriyalarının ölkədə qida təhlükəsizliyinin təmin olunması, heyvan və bitki sağlamlığının qorunması sahəsindəki rolunu vurğulayıb. Belarus səfiri Dmitri Pineviç iki ölkənin müvafiq qurumları arasında heyvan sağlamlığı sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərinin olduğunu qeyd edib. Məlumat verilib ki, “BelAqroGen” Elmi İstehsalat Mərkəzi heyvan xəstəliklərinin müalicəsi və profilaktikası üçün müasir baytarlıq preparatları, zərərvericilərə qarşı mübarizə vasitələri və baytarlıq təyinatlı vasitələrin istehsalçısıdır. Şirkətin təqdim etdiyi bir çox baytarlıq preparatlarının effektivliyi müxtəlif kənd təsərrüfatı müəssisələrində uğurla tətbiq olunaraq sübut edilib. Görüş zamanı respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təşkili məsələsi gündəmə gətirilib. Daha sonra Belarus nümayəndə heyəti AQTİ laboratoriyalarına baş çəkib, müasir standartlara uyğun həyata keçirilən müayinələrlə tanış olub.