Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən çörək istehsalı müəssisəsi aşkar olunub
6 Oktyabr 2021 10:40










Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, N. Nərimanov prospekti 360 ünvanında fəaliyyət göstərən, Ələsgərova Xatirə Şərif qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, normativ hüquqi aktların, sanitariya-gigiyena qaydalarının tələblərinin kobud şəkildə pozulduğu aşkar edilib. Belə ki, müəssisədə istehsal prosesində istifadə olunan avadanlıqların vaxtlı-vaxtında təmizlənib, dezinfeksiya olunmadığı, istifadə olunan unun antisanitar vəziyyətdə saxlanıldığı, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxşar xəbərlər

Ağsuda “Vəlxan” kafesində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri, Bakı-Qazax şosesi 157-ci km ünvanında fəaliyyət göstərən, fiziki şəxs Rəsulov Vəlxan Burxan oğluna məxsus “Vəlxan” kafesində yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Faktla bağlı nöqsanlar aradan qaldırılanadək ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb.

Süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirilib
Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyası və süd emalı müəssisələrinin nümayəndələri ilə görüş keçirib. Onlayn formatda keçirilən görüşdə süd emalı müəssisələrində aparılan nəzarət tədbirləri zamanı aşkarlanan nöqsanlar, eləcə də çiy süddə Aflatoksin M1 üzrə uyğunsuzluqlar, onun yaranma səbəbləri və qarşısının alınması üçün görülməli olan qabaqlayıcı tədbirlər sahibkarların nəzərinə çatdırılıb. Eyni zamanda süd emalı müəssisələrinə dair mövcud tələblər, onların qida təhlükəsizliyi qeydiyyatına alınmasının vacibliyi vurğulanıb. Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Astarada fəaliyyət göstərən marketdə istehlaka yararsız məhsullar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Astara rayonu, Burzubənd kəndində fəaliyyət göstərən Əliyeva Cəmilə Əli qızına məxsus “Hacıoğlu” marketdə keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub. Belə ki, marketdə istifadə müddəti bitmiş ümumi çəkisi 49 kq müxtəlif növ qida məhsulu müəyyən edilib, həmçinin satışda olan yağ məhsullarının saxlanma temperaturuna əməl olunmadığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız məhsullar məhv edilib.
