Gəncədə dönərxanaları toyuq əti ilə təmin edən müəssisədə nöqsanlar aşkarlanıb
16 Avqust 2023 16:18










Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan şikayət əsasında, Gəncə şəhəri, Əli Məmmədov küçəsi 1A ünvanında fiziki şəxs Mustafayev Telman Şükür oğluna məxsus toyuq ətinin emalı sexində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarının tələblərinin pozulduğu, toyuq budunun sümükdən ayrılması prosesinin antisanitar şəraitdə aparıldığı, həmçinin donmuş toyuq ətinin donunun açılması qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə uyğun olmadan kustar üsulla, açıq hava şəraitində və günəş şüalarının altında həyata keçirildiyi, eyni zamanda sümükdən ayrılmış toyuq ətlərinin sahibkar tərəfindən Gəncə şəhəri ərazisində fəaliyyət göstərən dönərxanalara paylandığı məlum olub. Yoxlama zamanı toyuq budu və sümükdən ayrılmış toyuq ətindən sınaqların aparılması məqsədilə nümunələr götürülərək AQTİ-nin müvafiq laboratoriyasına göndərilib, sınaq nəticələri məlum olanadək sözügedən məhsullar saxlanca qoyulub. Nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək müəssisənin fəaliyyəti dayandırılıb.
AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.
