Göygöl rayonunda fəaliyyət göstərən restoranda nöqsanlar aşkar edilib
2 Avqust 2024 17:59
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsinin əməkdaşları tərəfindən Göygöl rayonunun Zurnabad kəndində fəaliyyət göstərən “Su Səsi” restoranında yoxlama həyata keçirilib.
Yoxlama zamanı restoranda qida obyektinə dair sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib. Baxış zamanı ictimai iaşə müəssisəsində mənşəyi məlum olmayan, saxlanma müddəti ötmüş qida məhsullarının satışının həyata keçirildiyi, məhsulların saxlanması zamanı temperatur rejiminə riayət olunmadığı, obyektdə mütəmadi olaraq dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, işçi heyət üçün ayrılmış soyunub-geyinmə otağının dolablar və sanitar-məişət avadanlıqlar ilə təmin edilməməsi, qabların yuyulma və saxlanma sahəsində döşəmə və divar səthlərinin hamar və təmirli olmaması, asan təmizlənmə və müntəzəm dezinfeksiya işlərinin aparılması üçün müvafiq şəraitin təmin edilməməsi müəyyən edilib.
Faktlarla bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilərək mənşəyi məlum olmayan və saxlanma müddəti ötmüş məhsulların satışı qadağan edilib.
Qeyd edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində inizibati xəta haqqında protokol tərtib edilərək icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər
Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsi, ev 281 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şahbazova Təranə Xubalı qızına məxsus kafedə plandankənar yoxlama keçirib. Baxış zamanı kafedə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu məlum olub. Belə ki, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, mətbəxdə döşəmə və divarların, işçi masanın asan yuyulub təmizlənən, dezinfeksiyaedici məhlulun təsirinə davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, ağzı kip bağlanan və qoxu yaymayan tullantı qablarından istifadə olunmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq kefenin fəaliyyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.
Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir. 2024-cü il 25-29 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tərtər, Cəlilabad rayonlarında fəaliyyət göstərən 30 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar inzibati tədbir görülüb.Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati xəta haqqında protokol tərtib edilmiş məntəqələr aşağıdakılardır.
Göygöldə nöqsanlar aşkarlanan kolbasa istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.