Göygöldə hisə verilmiş balıq məhsullarının istehsalı müəssisəsində yoxlama keçirilib
10 Oktyabr 2023 17:58








Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Göygöl rayonu, Quşqara kəndində fəaliyyət göstərən, “Okeanus” MMC-yə məxsus hisə verilmiş balıq istehsalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Belə ki, müəssisəyə baytarlıq sənədləri və mənşəyi məlum olmayan balıq məhsullarının qəbul edildiyi, temperatur rejiminə riayət olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu, məhsulların qəbulu, təmizlənməsi və emalının eyni sahədə həyata keçirildiyi, istehsal olunan məhsulların etiket məlumatlarının (saxlanma şəraiti və yararlılıq müddəti) normativ tələblərə uyğun tərtib olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin xüsusi geyim, fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və antisanitar vəziyyət aşkarlanıb.
Faktla bağlı sahibkar barəsində inizibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, nöqsanların aradan qaldırılması barədə icrası məcburi göstərişlər verilib.
Oxşar xəbərlər

İrandan idxal olunan şokoladlı konfet və kreker məhsullarında uyğunsuzluq aşkarlandı
Nəzarət tədbirləri çərçivəsində fiziki şəxs Nuru Yaqubovun İrandan idxal etdiyi “Satareh Nadi Qida maddələri Sənaye Qrupu” şirkətinə məxsus ümumi çəkisi 2 ton “Nadi Crasia Salty Cracker” əmtəə nişanlı kreker (11.11.2024-10.11.2025-ci il istehsal tarixli partiya) və ümumi çəkisi 1659 kq “Nadi Ramineh” əmtəə nişanlı şokoladlı konfet (25.11.2024-24.11.2025-ci il istehsal tarixli partiya) məhsulu partiyalarından Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsinə əsasən, məhsulların tərkibində genetik modifikasiya olunmuş orqanizmlər aşkarlanıb. Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyaları məhv edilib.

Novxanıda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlandı
Abşeron rayonu, Novxanı kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Fəxrəddin İsa oğluna məxsus kafedə Agentliyin əməkdaşları yoxlama keçirib. Kafedə normativ tələblərin pozulduğu, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı müəyyən edilib, həmçinin mənşəyi məlum olmayan məhsullardan istifadə edildiyi aşkarlanıb. Faktla bağlı ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri barəsində inzibati tədbir görülüb.

Topdansatış mağazasında istehlaka yararsız qida məhsullarının satışa çıxarıldığı aşkarlanıb
Göyçay rayonu, Qaraməryəm kəndində fəaliyyət göstərən, fiziki şəxs Musayev Natiq Namiq oğluna məxsus qida məhsullarının topdansatışı mağazasında Agentliyin əməkdaşları yoxlama keçirib. Baxış zamanı mağazada normativ tələblərin pozulduğu müəyyən olunub. Belə ki, istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı qida məhsullarının satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qadağan olunması və dövriyyədən çıxarılaraq məhv edilməsi barədə qərar qəbul olunub.
