İdxal olunan hind quşu subməhsulunda salmonella aşkarlanıb
13 Sentyabr 2024 10:13
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Tədbirlər çərçivəsində “TFL-CO.” MMC-nin Rusiya Federasiyasından idxal etdiyi “Soyuzpromptisa” MMC-yə məxsus, ümumi çəkisi 684 kq olan, 01.05.2024-27.11.2024-cü il, 01.06.2024-28.11.2024-cü il, 06.07.2024-02.01.2025-ci il istehsal və son istifadə tarixli hind quşu subməhsulu partiyalarından Agentlik əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində salmonella bakteriyası aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.
Oxşar xəbərlər
AQTA sədri Qəbələdə vətəndaşları qəbul edib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün tədbirlər görürlər. Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli dekabrın 20-də Qəbələ Mədəniyyət Mərkəzində Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonlarından olan vətəndaşları qəbul edib. Qəbuldan öncə Agentliyin sədri Qoşqar Təhməzli və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. AQTA-nın məsul əməkdaşlarının iştirakı ilə keçirilmiş qəbula gələn vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir qismi yerində öz həllini tapıb, qaldırılan bəzi məsələlər araşdırılması üçün nəzarətə götürülüb. Qəbul zamanı qida sahəsində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşların müraciətlərinə də baxılıb. Agentliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. AQTA sədri qəbul zamanı dövlət başçısının rəhbərliyi ilə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatların əhalinin daha təhlükəsiz qida məhsulları ilə təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
AQTİ Qarabağ Universitetinin tələbələri üçün təlimlər təşkil edib
Qarabağ Universitetinin tələbələri üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən qida təhlükəsizliyi və təhlükəsiz qidalanma ilə bağlı təlimlər təşkil edilib. Təlimlər “Qida məhsullarının təhlükəsizliyi və markalanma”, “Şəxsi gigiyena və sağlam qidalanma” və “İstehlakçı hüquqları” mövzularında olub. İki gün davam edən təlimlər iştirakçılara qida təhlükəsizliyi, sağlam qidalanma prinsipləri, şəxsi gigiyena və istehlakçı hüquqları barədə məlumat vermək məqsədilə həyata keçirilib. Təlimlər çərçivəsində tələbələr İnstitutun fəaliyyət istiqamətləri barədə də ətraflı məlumatlandırılıb. AQTİ-nin Xidmətlərin təşkili departamentinin müdir müavini Ziyabəddin Hüseynov ölkədə qida təhlükəsizliyinin təmin olunması və əhalinin sağlamlığının qorunması məqsədilə İnstitutun nəzdində fəaliyyət göstərən qida təhlükəsizliyi, kompleks tədqiqatlar, bitki və heyvan sağlamlığı üzrə ixtisaslaşmış laboratoriyalar haqqında məlumat verib. Laboratoriyalarda müxtəlif qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə müayinələrinin aparıldığı diqqətə çatdırılıb. “Qida məhsullarının təhlükəsizliyi və markalanma” mövzusunda keçirilən təlimdə iştirakçılar qida təhlükəsizliyinin əhəmiyyəti, əsas risklər və onlardan qorunma üsulları, o cümlədən qida zəhərlənməsi və simptomları, çirklənmə, mikroorqanizmlər və temperatur rejimi barədə məlumatlandırılıb. Həmçinin onlara qida məhsullarının üzərindəki etiket məlumatlarına diqqət yetirilməsinin əhəmiyyəti izah edilib. Məhsulların istehsal və son istifadə tarixi, tərkib hissələri və allergenlər, sertifikatlar və keyfiyyət nişanları haqqında məlumat verilib. “Şəxsi gigiyena və sağlam qidalanma” mövzusunda təşkil olunan təlim zamanı tələbələr şəxsi gigiyenanı qorumanın qida təhlükəsizliyindəki roluna dair məlumatlandırılıb. Onlara əllərin düzgün yuyulması texnikası, təmizlik, geyim gigiyenası və yemək hazırlayarkən əməl edilməli olan gigiyenik qaydalar barədə məlumat verilib. Eyni zamanda tələbələrə sağlam qidalanmanın prinsipləri izah edilib. Onlar qida piramidası və balanslı qida qəbulu, zərərli qidalardan uzaq durma yolları və gündəlik normaya uyğun su qəbulunun əhəmiyyəti haqqında məlumatlandırılıb. “İstehlakçı hüquqları” ilə bağlı keçirilən təlimdə iştirakçılara istehlakçı hüquqlarına dair əsas qanunlar, tələblərə uyğun olmayan məhsulların geri qaytarılması proseduru, təhlükəsiz məhsul seçimi zamanı diqqət yetirilməli olan məqamlar və digər məsələlər barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb. Təlimlər zamanı mövzuya uyğun praktiki məşğələlər təşkil olunaraq müzakirələr aparılıb və suallar cavablandırılıb. Həmçinin tələbələrin təlimlərdə əldə etdikləri biliklər qiymətləndirilib.
AQTA bayram günlərində saxta spirtli içkilərlə bağlı istehlakçıları diqqətli olmağa çağırıb
Yeni il bayramı ərəfəsində spirtli içkilərin kütləvi istehlakını nəzərə alaraq, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçıları diqqətli olmağa çağırıb. Bəzi xarici ölkələrlə yanaşı, ölkəmizdə də bayram ərəfəsində qanunsuz yollarla saxta spirtli içki hazırlayıb insanların sağlamlığı və həyatı bahasına qazanc əldə etməyə çalışan “işbaz”lara rast gəlinir. Bu kimi qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində AQTA və hüquq-mühafizə orqanları tərəfindən mütəmadi qaydada yoxlama-nəzarət tədbirləri, reydlər keçirilir və aşkar olunan qanunazidd hallarla bağlı ən sərt tədbirlər görülür. Bununla yanaşı, istehlakçıların da bu məsələdə daha diqqətli olması tövsiyə olunur. Mütəxəssislərin rəyinə görə, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında metil (metanol) spirtindən istifadə edilir. İstehlakçıların zəhərlənməsinə səbəb olan metil texniki, sənaye spirtidir və onun qida kimi istifadə edilməsi yolverilməzdir. Metil spirtinin az miqdarda qəbulu belə, orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin spirtli içki məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir. Həmçinin vətəndaşların həyat və sağlamlığına qəsd törətdiyi üçün cinayət məsuliyyəti yaradır. Adətən, dələduzlar bu cür qanunsuz fəaliyyətlə gizli və qapalı məkanlarda məşğul olduğundan onların aşkarlanması və ifşa olunmasında vətəndaşların dəstəyinə və bu istiqamətdə ictimai nəzarətin gücləndirilməsinə ehtiyac var. Vətəndaşlardan belə qanunsuz hallarla rastlaşdıqda aidiyyəti dövlət orqanlarına, o cümlədən Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur. Eyni zamanda ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirmələri, qida təhlükəsizliyi ilə bağlı müvafiq sənədləri tələb etmələri tövsiyə olunur.