İki istehsalçıya məxsus yağda uyğunsuzluqlar aşkarlanıb
9 Aprel 2025 12:51






Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yaxılabilən və qatı yağ məhsullarından götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində 2 istehsalçıya məxsus 2 məhsulda uyğunsuzluqlar aşkarlanıb. Həmçinin bitki tərkibli spred yağlarının sellofanda qablaşdırılaraq nehrə yağı təəssüratı yaratmaqla istehlakçıların aldadıldığı müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb, istehsalçılar inzibati məsuliyyətə cəlb olunub, uyğunsuzluq müəyyən edilmiş məhsulların satışının qadağan edilməsi və ticarət obyektlərindən geri çağırılması barədə qərar qəbul edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
№ |
Məhsulun adı |
Məhsulun istehsalçısı |
Məhsulun partiyası/istehsal və son istifadə tarixləri |
Aşkar edilmiş uyğunsuzluq |
1 |
“Krestyanskoye” əmtəə nişanlı spred yağı |
Fiziki şəxs Qəniyev Fərhad Allahşükür oğlu |
04.03.2025 - 13.03.2025 |
Koliform bakteriyalar, kif və maya göbələkləri |
2 |
Bitki tərkibli spred yağı (nehrə yağı adı altında satışına cəhd olunan) |
Fiziki şəxs Bağırov Rüfət Ramiz oğlu |
07.03.2025 - 21.03.2025 |
Koliform bakteriyalar, kif və maya göbələkləri |
Qeyd edək ki, tərkibində koliform bakteriyaların, eləcə də kif və maya göbələklərinin aşkarlanması həmin məhsulların mikrobioloji çirklənməsi kimi qiymətləndirilir. Bu cür məhsulların istehlakı isə insan orqanizmi üçün təhlükəli hesab olunur.
Oxşar xəbərlər

Salyanda fəaliyyət göstərən restoranda nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan rayonu, Ələt-Astara yolunun 56-cı kilometrliyində fəaliyyət göstərən, fiziki şəxs Zamanov Tuqay Oktay oğluna məxsus “Muğan” restoranında yoxlama keçirib. Baxış zamanı ictimai iaşə müəssisəsində texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, sanitar-gigiyenik qaydalara əməl olunmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, işçi heyətin xüsusi geyim forması ilə təmin edilmədiyi, mətbəxdə qida məhsulları üçün əlavə yuma çanağının ayrılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və iaşə müəssisəsinin mətbəx sahəsində nöqsanlar aradan qaldırılanadək işlərin görülməsi və xidmətlərin göstərilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Xorvatiya Respublikasının Brodsko-Posavska inzibati ərazi vahidində, Danimarka Krallığının Şimali Yutlandiya regionunda, Türkiyə Respublikasının Kayseri vilayətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün qeyd olunan ərazilərdə zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub. Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Cəlilabadda çörək istehsalı müəssisəsində ciddi nöqsanlar aşkarlanıb
Cəlilabad şəhəri, M.Hüseyn küçəsində yerləşən, fiziki şəxs İsmayılov Cavid Yədulla oğluna məxsus çörək istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı ciddi nöqsanlar aşkarlanıb. Belə ki, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərin pozulduğu, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülərək, sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
