İmişlidə məişətdə baş verən zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb
8 Oktyabr 2025 17:26
Qidaların saxlanma və emal qaydalarına əməl etməmək qida zəhərlənmələrinə səbəb olur. Ev (məişət) şəraitində isə kütləvi tədbirlər üçün qida hazırlayarkən, xüsusilə diqqətli olmaq lazımdır. Qida mənşəli xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün müəyyən qaydalara riayət edilməlidir.
Belə ki, qida məhsullarında bakteriyalar 5°C-60°C temperatur aralığında çoxalıb yayılır. Ona görə də həmin interval “təhlükəli zona” adlandırılır. Bu səbəbdən qidalar xüsusiyyətlərindən asılı olaraq düzgün temperaturda saxlanılmalıdır. Belə ki, dondurulmuş qidaların donunun açılması üçün otaq şəraitində deyil, soyuducunun alt bölməsində saxlanılması tövsiyə olunur. İstifadə müddəti keçməsə də, xarabolma əlamətləri olan qidaları istehlak etmək yolverilməzdir. Yeməklər, salatlar, xüsusilə də kremli şirniyyatlar isə 2 saatdan artıq soyuducudan kənarda saxlanılmamalıdır. İsti şəkildə servis edilən qidalar 63 dərəcədən aşağı temperaturda maksimum 2 saat, soyuq şəkildə servis edilən qidalar isə 8 dərəcədən yuxarı temperaturda maksimum 4 saat saxlanıla bilər.
Qeyd edək ki, sentyabr ayında İmişli rayonunda keçirilmiş tədbirdə 73 zərərçəkənin olduğu kütləvi zəhərlənmə hadisəsi də məişət zəminində baş verib. Daxil olan bildiriş əsasında Qida Təhlükəsizliyi Agentliyinin Mil-Muğan regional bölməsinin əməkdaşları tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində bir sıra uyğunsuzluqlar (E.Coli O157:H7 və S.aureus törədiciləri) müəyyən edilib. E.Coli O157:H7 insan sağlamlığı üçün təhlükəli olan “Escherichia coli” bakteriyasının ştammıdır. Yoluxmadan sonra insan orqanizmində şiddətli qarın ağrısı, ishal, qusma, bəzi hallarda bədən hərarətinin qalxması və halsızlıq kimi bir sıra simptomlar müşahidə oluna bilər. Qızılı stafilokok şərti-patogen mikrob qruplarına aiddir. Bu bakteriya ilə çirklənmiş qida məhsulları zəhərlənməyə səbəb ola bilər. Qızılı stafilokokun törətdiyi qida zəhərlənməsi adətən bakteriyanın özünün deyil, onun ifraz etdiyi enterotoksinlər nəticəsində baş verir. Bu toksinlər istiliyə davamlıdır və qidanın bişirilməsi zamanı belə tamamilə məhv olmaya bilər.
AQTA bir daha ev şəraitində kütləvi tədbirlər üçün hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır.
Oxşar xəbərlər
Azərbaycanın heyvan xəstəliklərindən azad statusunun qorunması ÜHST-nin konfransında qabaqcıl təcrübə kimi təqdim olunub
20-25 sentyabr tarixlərində Latviya Respublikasının Yurmala şəhərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) Avropa Regional Komissiyasının 32-ci Konfransı keçirilir. Azərbaycan ÜHST-nin İdarəetməyə Nəzarət Komitəsinin üzvü kimi konfransda fəal iştirak edib. Tədbir çərçivəsində institusional islahatlara yönəlmiş qərarların qəbulunda ölkəmizin maraqları da nəzərə alınıb. Konfransda Azərbaycanı ÜHST-nin Avropa Regional Komissiyasının vitse-prezidenti, AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev təmsil edib. Konfransın gündəliyinə ölkəmizin xırdabuynuzlu heyvanların taunundan, eləcə də digər xüsusi təhlükəli heyvan xəstəliklərindən azad statusunun qorunması istiqamətində əldə etdiyi təcrübənin müzakirəsi də daxil edilib. Q.Əbdüləliyev təqdimatla çıxış edərək AQTA tərəfindən heyvan sağlamlığının və bioloji təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
AQTA “Sağlam məktəbli” layihəsini yeni tədris ilində də davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən “Sağlam məktəbli” layihəsi çərçivəsində 2026–2027-ci tədris ilində də ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Layihənin əsas məqsədi məktəblilər arasında sağlam və düzgün qidalanma vərdişlərinin formalaşdırılması, qida təhlükəsizliyi ilə bağlı biliklərinin artırılması və gündəlik qida seçimlərində daha diqqətli olmalarına töhfə verməkdir. Yeni tədris ili çərçivəsində növbəti maarifləndirici görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 191 nömrəli tam orta məktəbdə keçirilib. Görüşdə təxminən 100-dən artıq şagirdə “Meyvələrin uşaqların inkişafında rolu” mövzusu üzrə təqdimatlar keçirilb. Şagirdlərə meyvələrin orqanizmin böyümə və inkişafında rolu, vitamin və mineral mənbəyi kimi əhəmiyyəti, enerji və zehni fəaliyyətə təsiri, diqqət və yaddaş üçün faydası, mövsümə uyğun meyvə seçiminin əhəmiyyəti, meyvələrin düzgün yuyulması və istehlak qaydaları haqqında ətraflı məlumatlar verilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb.
Romada keçirilən Qlobal Konfransda Azərbaycanın aqrar-qida sistemi barədə məlumat verilib
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təşkilatçılığı ilə İtaliyanın paytaxtında “Aqrar-qida sistemlərində Vahid Sağlamlıq hər kəsin sağlamlığı, hər kəsin məsuliyyəti və hər kəsin fəaliyyətidir” mövzusunda Qlobal Konfrans keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Anar Əzimov iştirak edir. Sentyabrın 22-də baş tutan xüsusi paneldə ölkəmizin aqrar-qida sistemində həyata keçirilən islahatlar, biotəhlükəsizlik sahəsindəki tədbirlər və qabaqcıl təcrübələr barədə geniş məlumat verilib.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş