İrandan ölkəmizə idxal edilən araxis əzməsinin istehlak üçün yararsız olduğu aşkarlanıb
21 İyun 2021 11:10


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri davam etdirilir.
Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasında “Shirezza Halva Shekari” tərəfindən istehsal olunan və “ Azər Pak” MMC tərəfindən ölkəmizə idxal edilən araxis əzməsi məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib. Baxış zamanı idxal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müayinələr nəticəsində məhsul partiyasında uyğunsuzluq (aflatoksin - B1) aşkar edilib.
Aşkar olunmuş faktla bağlı Agentlik tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində müvafiq qərar qəbul edilib və istehlak üçün yararsız 3,26 ton araxis əzməsi məhsulunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görüləcək.
Oxşar xəbərlər

Nizami rayonunda fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlandı
Mediada yayımlanan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsində yerləşən “Qarabağ” ASC-yə məxsus çörək emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb. Belə ki, emal prosesinin normativ tələblərə uyğun həyata keçirilmədiyi, sanitar-gigiyenik qaydaların pozulduğu müəyyən olunub. Faktla bağlı müəssisənin rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

"Asenat" MMC-yə məxsus su emalı müəssisəsində nöqsanlar aşkarlandı
Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsində fəaliyyət göstərən “Asenat” MMC-yə məxsus su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitar-gigiyenik qaydalara əməl edilmədiyi müəyyən olunub. Baxış zamanı digər istehsalçılara məxsus su bidonlarının doldurularaq satışa çıxarıldığı məlum olub. Həmçinin etiket məlumatları qanunvericiliyin tələblərinə uyğun olmayan 142 ədəd 19 litrlik su bidonu aşkarlanıb. Faktla bağlı müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi dayandırılıb, rəhbəri barəsində inzibati protokol tərtib edilib. Sulardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Nöqsanlar aşkarlanan su emalı müəssisəsinin fəaliyyəti dayandırıldı
Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Quliyev Aqşin Salam oğluna məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı suların açıq şəraitdə qablaşdırıldığı, texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, qabların yuyulub doldurulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Baxış zamanı digər istehsalçılara məxsus müxtəlif əmtəə nişanlı su bidonlarının doldurularaq satışa çıxarıldığı müəyyən edilib. Həmçinin emal sahəsində qablaşdırılma tarixi qeyd edilməyən 100 ədəd 19 litrlik müxtəlif əmtəə nişanlı su bidonu aşkarlanıb. Faktla bağlı fiziki şəxs barəsində protokol tərtib olunub və məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.
