”Kaspian Prodakşn Layn” MMC-də istehlaka yararsız məhsullar aşkarlanıb
7 Aprel 2025 16:31




















Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının apardığı yoxlama nəticəsində Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən "Kaspian Prodakşn Layn" MMC-yə məxsus “CPL” və “Ağartı” əmtəə nişanlı süd məhsullarının emalı müəssisəsində ciddi pozuntular aşkarlanıb. Sözügedən müəssisədə yararlılıq müddəti ötmüş süd məhsullarının təkrar qablaşdırılaraq yenidən satışa çıxarılması ilə bağlı daxil olan məlumat əsasında keçirilən yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ sənədlərin tələblərinin pozulması faktları müəyyən edilib.
Belə ki, yoxlama zamanı müəssisədə kəsmiyin süzülməsi sahəsində istehlaka yararsız qatıq məhsulları, C₆H₇KO₂-Kalium sorbat (E202) qida əlavəsi aşkar edilib. Sözügedən qida qoruyucusunun istifadəsi ilə bağlı məhsulların resepturasında və etiket məlumatlarında isə hər hansı qeyd aparılmadığı müəyyən olunub. Qeyd edək ki, kalium sorbat məhsulun yararlılıq müddətini uzatmaq, bakteriyaların, kif və maya göbələklərinin qarşısının alınması üçün istifadə edilən qida əlavəsidir.
Yoxlama zamanı eyni zamanda qida obyektində izlənmə sisteminin olmadığı, gigiyena qaydalarına əməl edilmədiyi, istehsal prosesində ardıcıllığının təmin edilmədiyi, çarpaz çirklənmənin baş verməsinin qarşısının alınmadığı məlum olub. Belə ki, müəssisə quru məhsul (xammal) anbarı ilə təmin edilməyib, xammal məhsulları və qablaşdırma materialları emal sahəsində saxlanılır. Məhsulların qablaşdırılması və etiketlənməsi emal sahəsində həyata keçirilir.
Bundan əlavə qida obyektinin soyuducu kamerasında mal qonşuluğu qaydalarının pozulması faktı müəyyən edilib. Müəssisənin həmçinin sanitar-gigiyenik vəziyyətinin qeyri-qənaətbəxş olduğu, divarlarların kif ilə örtüldüyü, həmçinin korroziya əlamətləri aşkarlanıb. İstehsal və yardımçı sahələrdə havalandırma sistemlərinin quraşdılmadığı, xüsusi dolabların təşkil edilmədiyi məlum olub.
Müəssisədə qatıq, xama, ərikli kəsmik, şor məhsullarından nümunə götürülərək laboratoriyaya təqdim edilib.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılanadək müəssisədə süd məhsullarının istehsalı ilə bağlı müvəqqəti məhdudiyyətin tətbiqi barədə qərar qəbul olunub.
Oxşar xəbərlər

Konserv sexinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olmuş müraciət əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonu, Digah kəndində fəaliyyət göstərən fiziki şəxs Valeh İsa Raqif oğluna məxsus meyvə-tərəvəzin konservləşdirilməsi sexində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji ardıcıllıq prinsipinə əməl edilmədiyi, konservləşdirilmiş tərəvəz turşularının üzərində etiket məlumatlarının mövcud olmadığı müəyyən edilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq müəssiənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib olunub.

Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan dabaq xəstəliyindən azad status əldə edəcək
Ölkəmizin daha bir heyvan xəstəliyindən azad status əldə etməsi istiqamətində uğur əldə olunub. Belə ki, AQTA tərəfindən dabaq xəstəliyindən azad zonaların yaradılması üçün Ölkə Nəzarət Proqramı hazırlanaraq, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına təqdim edilib. Proqram icraya yönəldilib. Beləliklə, ölkəmizin Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında (Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının əraziləri tam, Füzuli, Xocavənd və Laçın rayonlarının əraziləri qismən əhatə edilməklə) və Naxçıvan Muxtar Respublikası ərazisində dabaq xəstəliklərindən azad zonaların yaradılması prosesinə başlanılıb. Azad statusun alınması heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmasına əhəmiyyətli dərəcədə müsbət töhfə verəcək. Ölkə Nəzarət Proqramına mütəmadi epizootoloji monitorinqlərin aparılması, heyvanların identifikasiyasının və qeydiyyatının başa çatdırılması, heyvan daşınmalarının Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən izlənilməsi və kütləvi vaksinasiya tədbirlərinin yerinə yetirilməsi daxildir. Xatırladaq ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

AQTA sədri Naftalanda vətəndaşları qəbul edəcək
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli avqustun 18-i saat 10:00-da Naftalan şəhər Heydər Əliyev Mərkəzində Naftalan, Gəncə şəhərləri və Samux, Kəlbəcər, Daşkəsən, Göygöl, Goranboy, Xocalı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək. Vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 17-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
