Kərə yağı adı ilə satılan daha bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlandı
19 Mart 2025 14:34
AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb.
Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.
Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:
|
№ |
Məhsulun adı |
İstehsal və son istifadə tarixləri |
İstehsalçı |
|
1. |
“Rossiyskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı |
23.12.2024-23.12.2025 |
“Allbuy” MMC |
|
2. |
“Belaruskoe” əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı |
17.01.2025-17.01.2026 |
“Allbuy” MMC |
|
3. |
"Milk World" əmtəə nişanlı 82,5% yağlılıqda təbii kərə yağı |
05.12.2024-05.12.2025 |
“Allbuy” MMC |
|
4. |
“Golden Farm” əmtəə nişanlı 82,5% yağlılıqda kərə yağı |
02.12.2024-02.06.2025 |
“Şamaxı Dairy Farm” MMC |
|
16.12.2024-16.06.2025 |
“Şamaxı Dairy Farm” MMC |
Oxşar xəbərlər
Qablaşdırılmış içməli sularla bağlı nəzarət tədbirləri keçirilib
Qida Təhlükəsizliyi Agentiyi tərəfindən 2025-ci il ərzində 32 su istehsalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı 24 su istehsalı müəssisəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Bununla əlaqədar sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülüb və icrası məcburi göstərişlər verilib. Həmçinin aşkarlanan nöqsanlarla əlaqədar qanunvericiliyə uyğun müvafiq qərarlar qəbul edilib. Yoxlama zamanı əsasən aşağıdakı uyğunsuzluqlar aşkarlanıb: − müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərməsi; − sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması; − texnoloji ardıcıllıq prinsipinə əməl edilməməsi; − etiket məlumatlarında qanunvericiliyə uyğun zəruri məlumatların qeyd olunmaması; − suyun sınaq nəticələrinin normalara uyğun olmaması; − işçilərin gigiyena qaydalarına əməl etməməsi, ilkin və dövri tibbi müayinədən keçməməsi; − dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması. Yoxlama çərçivəsində götürülmüş nümunələrin minimum keyfiyyət və təhlükəsizlik göstəriciləri üzrə müayinəsi nəticəsində 28 nümunədə uyğunsuzluq aşkar edilərək həmin məhsulların dövriyyədən çıxarılması təmin edilib. Eyni zamanda aparılan monitorinqlər çərçivəsində 34 su istehsalı müəssisəsindən, eləcə də yol kənarlarında və binaların həyətlərində quraşdırılmış 57 modul tipli su aparatından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Sınaq nəticəsində 31 su istehsalı müəssisəsindən götürülmüş 32 nümunədə, həmçinin 33 su aparatından götürülmüş nümunələrdə mikrobioloji göstəricilər üzrə uyğunsuzluq müəyyən edilib. Bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, sahibkarlar barəsində inzibati tənbeh tədbiri görülərək icrası məcburi göstərişlər verilib. Aparılan bütün nəzarət tədbirləri nəticəsində müəssisələrdə sağlamlaşdırıcı işlərin görülməsi, həmçinin məhsulların etiketlərinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması təmin edilib.
Bitkiçilik məhsullarının ixracında pestisid qalıqları ilə bağlı sahibkarlara xəbərdarlıq
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) son dövrlərdə ölkəmizdən ixrac olunan bitki və bitkiçilik məhsullarında pestisid qalıqlarının aşkar edilməsi ilə bağlı bildirişlər daxil olub. Aparılan təhlillər nəticəsində müəyyən edilib ki, bu hallar əsasən təsərrüfatlarda bitki mühafizə vasitələrinin normadan artıq və texniki reqlamentlərin tələblərinə uyğun olmayan şəkildə tətbiqi, eləcə də məhsulun ixrac edildiyi təyinat ölkələrində aktiv qeydiyyat statusuna malik olmayan təsiredici maddələrdən istifadə olunması ilə əlaqədardır. Sahibkarların bitki mühafizə vasitələrinin seçimi və tətbiqi zamanı məhsulun ixrac ediləcəyi ölkənin tələblərinə ciddi şəkildə əməl etmələri vacibdir. Göstərilən tələblərə əməl edilmədiyi halda, ixrac zamanı məhsul partiyasında qarşı ölkədə qeydiyyatda olmayan təsiredici maddələr aşkarlanarsa, həmin partiyanın ixracına icazə verilməyəcəkdir. AQTA sahibkarları mövcud normativ tələblərə ciddi şəkildə əməl etməyə və ixrac fəaliyyətində risklərin qarşısının alınması məqsədilə məsuliyyətli yanaşma nümayiş etdirməyə çağırır.
İsveçrə mənşəli uşaq qidasında çirkləndirici aşkarlanıb
İsveçrədən ölkəmizə idxal edilən “Hochdorf Swiss Nutrition Ltd” müəssisəsinin istehsalı olan “Swissneo 1” əmtəə nişanlı (09.10.2025-09.10.2027-ci il istehsal və son istifadə tarixli) uşaq qidasında “Sereulid” çirkləndiricisinin aşkarlanması ilə bağlı Avropa İttifaqının “Qida və Yem Məhsullarına dair Çevik Xəbərdarlıq Sistemi” (RASFF) vasitəsilə Qida Təhlükəsizliyi Agentliyinə bildiriş daxil olub. Bildiriş əsasında dərhal araşdırmalara başlanılıb və məhsulun həmin partiyasının dövriyyəyə buraxılmasının qarşısı alınıb.
- Qida obyektləri
- Qida subyektləri
- Qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər
- Xarici qida obyektləri
- Məhsullar
- Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr
- Baytarlıq preparatları
- Təhlükəli məhsulların reyestri
- Qeydiyyat və təsdiqi yoxla
- Qida məhsullarının təhlükəli hesab edilməsinə əsas verən halların açıq reyestri
Giriş