Mağazada yararlılıq müddəti bitmiş ərzaq məhsulları aşkar edilib
7 Aprel 2023 15:26




Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Tədbirlər çərçivəsində Agentliyin əməkdaşları tərəfindən Qusar şəhəri, T.İsmayılov küçəsində fəaliyyət göstərən fiziki şəxs Xanəhmədov Babək Rubət oğluna məxsus “Sevimli” ərzaq satışı mağazasında planlı yoxlama həyata keçirilib. Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatlarının Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, həmçinin işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib. Eyni zamanda saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması üçün ardıcıl tədbirlərini davam etdirir, istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.
Oxşar xəbərlər

Bərdədə bazarda nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bərdə rayonu, Güloğlular kəndində fəaliyyət göstərən “Ticarət Mərkəzi” MMC-yə məxsus bazarda keçirilmiş yoxlama zamanı aşkarlanan nöqsanların icra vəziyyəti ilə bağlı yenidən yoxlama keçirilib. Baxış zamanı bazarda süd və süd məhsullarının mənşəyinin məlum olmadığı və temperatur rejiminə əməl edilmədiyi, məhsulların açıq şəkildə satışa çıxarıldığı, işçilərin gigiyena qaydalarına diqqət yetirmədiyi və xüsusi geyimlə təmin edilmədiyi, əl yuma çanaqlarının mövcud olmadığı və digər nöqsanlar müəyyən edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, qeyd edilən məhsullar satışdan kənarlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

İmişlidə fəaliyyət göstərən çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları İmişli şəhəri, N.Savalanov küçəsində fəaliyyət göstərən, Fərmanov Dirbaş Veysəl oğluna məxsus çörək emalı müəssisəsində yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin məhsulların saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, emal prosesinin qaydalara uyğun həyata keçirilmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.

Gəncədə yaşayış evində saxta alkoqollu içkilərin istehsal edildiyi aşkarlanıb
Gizli fəaliyyət göstərən saxta alkoqollu spirtli içki istehsalı ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin və yerli polis idarəsinin əməkdaşları Gəncə şəhəri, M.Ə.Sabir küçəsində Fituri Əsmər Mehman qızına məxsus yaşayış evində reyd keçirib. Yoxlama zamanı müxtəlif əmtəə nişanlı şüşə butulkaların yuyulub təmizlənərək, saxta üsullarla alkoqollu içkilərin qablaşdırıldığı müəyyən olunub. 13 ədəd 1 l-lik, 9 ədəd 0.7 l-lik, 4 ədəd 0.5 l-lik “Banketnaya Yubiley”, 19 ədəd 1 l-lik, 7 ədəd 0.7 l-lik, 5 ədəd 0.5 l-lik “Organic Line”, 1 ədəd 1 l-lik, 3 ədəd 0.7 l-lik “Banketnaya”, 1 ədəd 1 l-lik, 1 ədəd 0.5 l-lik “Старый Доктор” əmtəə nişanlı satış məqsədilə qablaşdırılmış saxta alkoqollu içki, həmçinin müxtəlif yerli və xarici brend markalı içkilərə məxsus butulka və qapaqlar, içərisində 25 litr su-spirt qarışığı olan plastik çəllək aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Qanunsuz istehsal olunan alkoqollu içkilərin satış yerlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Araşdırmalar davam etdirilir.
