Məktəbəqədər təhsil müəssisələrinin məsul şəxsləri ilə növbəti görüş keçirilib
16 Noyabr 2021 15:04
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən ölkə ərazisində fəaliyyət göstərən bır sıra məktəbəqədər təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə növbəti görüş keçirilib. Videokonfrans formatında keçirilən iclasda məktəbəqədər təhsil müəssisələrində qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunmasının zəruriliyi iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə Agentliyin əməkdaşları tərəfindən təqdimatlar nümayiş etdirilib və məktəbəqədər təhsil müəssisələrinin işçilərinə qida təhlükəsizliyi ilə bağlı metodiki göstərişlər verilib.
Sonda tədbir iştirakçılarının sualları Agentlik mütəxəssisləri tərəfindən cavablandırılıb. Qeyd edək ki, bununla bağlı Agentliyin təşəbbüsü ilə təşkil olunan bu görüşlər silsilə xarakter daşıyır və mütəmadi şəkildə davam etdirilməkdədir.
Oxşar xəbərlər
Göygöldə nöqsanlar aşkarlanan kolbasa istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonunun Qızılqaya qəsəbəsində yerləşən, fiziki şəxs Nağıyev Camal Əli oğluna məxsus kolbasa istehsalı müəssisəsində plandankənar yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, sanitar-gigiyenik vəziyyətin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab vermədiyi, kolbasa məhsullarının saxlanması və qablaşdırılması sahəsində xüsusi temperatur rejiminə əməl edilmədiyi, həmçinin məhsulların etiket məlumatlarında uyğunsuzluq müəyyən olunub. Bundan əlavə, müəssisədə istifadə müddəti bitmiş məhsulların təkrar dövriyyəsi üçün doğrama bıçaqları, kiflənmiş kolbasanın silinməsi üçün duru yağ, istehsal tarixinin silinməsi üçün məhlul, təkrar qablaşdırılma üçün vakuum avadanlığı aşkarlanıb. Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
Lənkəranda normativ tələblərin pozulduğu ət satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb
Daxil olan müraciət əsasında Lənkəran şəhəri, Koroğlu küçəsi, Böyük bazar ərazisində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Allahşükür Atəş oğluna məxsus ət satışı məntəqəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, məntəqədə sanitar-gigiyenik tələblərə əməl edilmədiyi, ətlərin üzərində baytarlıq nəzarətindən keçirildiyinə dair möhürün olmadığı, əlyuma çanağının, havalandırma sisteminin, eləcə də ət məhsullarının saxlanması üçün soyuducu və dondurucuların mövcud olmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, dezinfeksiya işlərinin aparılmadığı müəyyən edilib.
Qanunsuz fəaliyyət göstərən dönərxanada bir sıra nöqsanlar aşkarlanıb
Ağdam rayonu, Quzanlı qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Əliyev İbrahim Şirin oğluna məxsus dönərxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Baxış zamanı dönərxanada qida məhsulları üzrə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müəyyən edilib. Belə ki, iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, həmçinin obyektdə xammal olaraq istifadə edilən məhsulların (xiyar, pomidor, mayonez) açıq şəkildə saxlandığı, çarpaz çirklənmənin qarşısının alınması məqsədilə texnoloji prosesin ardıcıllığına riayət edilmədiyi, əlyuma çanaqlarının isti su və gigiyenik tələblərə cavab verən qurutma vasitələri ilə təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, çirklənməyə qarşı müdafiə və zərərvericilərlə mübarizə üçün müvafiq şəraitin olmadığı, döşəmə, divar səthlərinin təmirsiz olduğu və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, mütəmadi olaraq müvafiq təmizlik işlərinin aparılmadığı, tullantıların ağzı kip bağlanan və qoxu yaymayan qablara toplanmadığı və digər nöqsanlar aşkarlanıb.