Nöqsanlar aşkarlanan çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
13 Yanvar 2025 15:44
Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Qazax rayonu, N.Nərimanov qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs Nuriyev Etibar Əhməd oğluna məxsus çörək istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.
Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitariya norma və qaydalarına əməl olunmadığı aşkarlanıb. Belə ki, qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ tələblərə uyğun olmadığı, müəssisədə döşəmə, divar və tavanın təmirsiz olduğu, səthlərin korroziyaya davamlı materialla üzlənmədiyi, havalandırma sisteminin qurulmadığı, istifadə edilən alət və avadanlığın təmiz saxlanmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı, işçi heyətin müvafiq sanitar geyimlə təmin olunmadığı və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı sahibkar barəsində qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib olunub və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Oxşar xəbərlər
İdxal olunan istehlaka yararsız məhsullar məhv edilib
Nəzarət tədbirləri çərçivəsində "Rəvan Commers" MMC-nin Rusiyadan idxal etdiyi “Multon Partners.” müəssisəsinin istehsalı olan meyvə şirəsi, “Müstəqil Seymur” şirkətinin İrandan idxal etdiyi “Bazargani Mobin Artin Nikan” müəssisəsinin istehsalı olan ərik qurusundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin müayinəsi nəticəsində məhsul partiyalarının normativ tələblərə cavab vermədiyi müəyyən olunub. Faktla bağlı müvafiq qərar qəbul edilərək istehlaka yararsız 786 litr meyvə şirəsi, 1500 kq ərik qurusu məhv edilib.
Su emalı müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb
Bakı şəhəri, H.Mirzəyev küçəsi 1069 ünvanında yerləşən, “Butasu A” MMC-yə məxsus qablaşdırılmış su emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar müəyyən olunub. Müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi, texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, qablaşdırma materiallarının yuyulması prosesinin kustar üsulla həyata keçirildiyi məlum olub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun etiket məlumatları olmayan 150 ədəd 19 litrlik su bidonu, 105 ədəd 19 litrlik qablaşdırılmış su və istehsal tarixi qeyd edilməyən 384 ədəd 0.5 litrlik “Buta” əmtəə nişanlı qablaşdırılmış su aşkarlanıb. Faktla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.
Yasamalda kremli və qənnadı məmulatlarının emalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı
Yasamal rayonu, M.Xiyabani küçəsində fəaliyyət göstərən, “Desert” kremli və qənnadı məmulatlarının emalı müəssisəsində Agentliyin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğu, sanitariya norma və qaydalarına əməl edilmədiyi aşkarlanıb. Müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, anbar sahəsinin təşkil edilmədiyi və xammalların antisanitar vəziyyətdə emal sahəsində saxlandığı müəyyən edilib. Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və məsul şəxsi barəsində inzibati protokol tərtib olunub.